Mövcud məlumatlara görə, süni intellekt ilk dəfə real biznesin rəhbəri kimi fəaliyyət göstərərkən insanın işdən çıxarılması barədə müstəqil qərar qəbul edib.
Qaynarinfo xəbər verir ki, bu barədə “Time” yazıb.
Söhbət ABŞ-ın “Andon Labs” startapının keçirdiyi eksperimentdən gedir. Təcrübə çərçivəsində “Claude” modeli San-Fransiskoda pərakəndə mağazanı idarə etməyə və digər vəzifələrlə yanaşı, işə götürülmüş əməkdaşların fəaliyyətinə nəzarət etməyə başlayıb.
Eksperiment ilin əvvəlində başlayıb. Məqsəd müasir süni intellekt sistemlərinin biznesi nə dərəcədə idarə edə biləcəyini və belə texnologiyaların daha geniş tətbiqinin iqtisadiyyat üçün hansı nəticələr doğura biləcəyini yoxlamaq olub. Mağazanın əməkdaşları real insanlar olub və rəsmi əmək müqavilələri əsasında çalışıblar. Yəni söhbət kompüter simulyasiyasından getməyib.
Süni intellekt işçini niyə işdən çıxardı?
Nəşrin yazdığına görə, şirkətlər artıq uzun müddətdir işçi heyətinin idarə edilməsində avtomatlaşdırılmış alqoritmlərdən istifadə edirlər. Lakin bu eksperimentdə böyük dil modeli tamhüquqlu menecer rolunu yerinə yetirib və konkret işçini işdən çıxarmaq qərarı qəbul edib.
İşdən çıxarılmaya səbəb əmək intizamının sistemli şəkildə pozulması olub. “Andon Labs”ın məlumatına görə, əməkdaş 23 iş növbəsinin 17-sinə gecikib.
Bununla belə, “Claude” uzun müddət həmin pozuntunu aşkar etməyib. Məlum olub ki, modelin özü tərəfindən hazırlanmış əməkdaşlar üçün təlimat onun məhdud iş yaddaşından itib. Buna görə də süni intellekt öz müəyyən etdiyi qaydaları nəzərə almayıb və əməkdaşlara qarşı həddindən artıq yumşaq münasibət göstərib.
“İnsan menecer bu şəxsi daha tez işdən çıxarardı”, deyə “Andon Labs”ın baş icraçı direktoru Lukas Petersson bildirib.
Lakin şirkətin etirafına görə, “Claude” menecer kimi tamamilə avtonom olmayıb. Startapın real əməkdaşı mütəmadi olaraq modelin fəaliyyətinə nəzarət edib. Məhz o, “Claude”a unudulmuş təlimatı xatırladıb. Bundan sonra model əməkdaşlardan birinin çoxsaylı gecikmələrinə diqqət yetirib.
Buna baxmayaraq, süni intellekt əvvəlcə intizamı pozan əməkdaşa rəsmi xəbərdarlıq edilməsini təklif edib. Nəzarətçi həmin şəxslə davranışı ilə bağlı daha əvvəl də dəfələrlə söhbətlər aparıldığını bildirəndən sonra isə model işçini işdən çıxarmağa qərar verib.
“Time” qeyd edir ki, məhz menecerin bu məlumatı “Claude”un işdən çıxarılma qərarına faktiki olaraq təkan verib.
Eksperiment gözlənilən nəticəni vermədi
“Endon Labs” rəhbəri hadisəni əmək bazarının gələcəyi baxımından əhəmiyyətli hesab edir.
“Əgər bu tendensiya davam edərsə, düşünürəm ki, çox sayda insan çox yaxın zamanda süni intellektin rəhbərliyi altında işləyəcək”, deyə Petersson deyib.
Lakin ümumilikdə eksperiment o qədər də ümidverici nəticələnməyib. İntizamsız əməkdaşla bağlı hadisə yeganə problem olmayıb.
Layihə mart ayında başlayanda mağazanın hesabında 100 min dollar olub. Süni intellektin beş aylıq idarəçiliyindən sonra hesabda cəmi 61 186 dollar qalıb. Nəşrdə ehtimal edilir ki, yaranan itkilər, digər amillərlə yanaşı, “Claude”un həddindən artıq yumşaq idarəçilik üslubu və şübhəli biznes qərarları ilə əlaqəli ola bilər.
Bununla belə, Petersson vəziyyətin dəyişə biləcəyini xəbərdar edir. Onun sözlərinə görə, süni intellekt modelləri daha səmərəli olmaq və qarşıya qoyulan məqsədlərə nail olmaqda daha israrlı davranmaq üçün öyrədilir.
“Əgər onlara insanları işdən çıxarmağa icazə versək və onlar eyni zamanda daha amansız olsalar, bəlkə də bu, insanların yaşamaq istəmədiyi gələcəkdir”, deyə o bildirib.
Mağazanın əməkdaşlarından biri də jurnalistlərə deyib ki, insan olsaydı, onun keçmiş həmkarını “Claude”dan daha əvvəl işdən çıxarardı. Ümumilikdə isə o, süni intellektin rəhbərliyi altında işləməyi “ürəkbulandırıcı” adlandırıb, lakin bununla konkret olaraq nəyi nəzərdə tutduğunu açıqlamayıb.
Aydın
Şərhlər