XƏBƏR LENTİ

Şərhlər

Xəbər lenti

Süni intellektin yaratdığı üç əsas təhdid: Bəşəriyyəti nə gözləyir?
Texnologiya21:40 27.08.2026

Süni intellektin yaratdığı üç əsas təhdid: Bəşəriyyəti nə gözləyir?

“Microsoft” şirkətinin qurucusu Bill Qeyts süni intellektin sürətli inkişafının yaratdığı üç əsas təhlükəni açıqlayıb. O, insanlığın texnologiyanın gətirəcəyi genişmiqyaslı dəyişikliklərə hazır olmadığını bildirib.

Qaynarinfo xəbər verir ki, Qeytsin sözlərinə görə, süni intellekt səhiyyə, təhsil və kənd təsərrüfatı kimi sahələrdə mühüm irəliləyişlərə səbəb ola bilər. Lakin düzgün yanaşma olmadığı halda texnologiyanın üstünlüklərindən kiçik bir qrup yararlana, digər insanlar isə ciddi fəsadlarla üzləşə bilər.

Birinci təhlükə iş yerlərinin itirilməsidir. Qeyts hesab edir ki, hazırkı vəziyyət əvvəlki texnoloji inqilablardan fərqlənir. Süni intellekt insanlara yalnız kömək etməklə kifayətlənmir, həm də birbaşa müxtəlif tapşırıqları yerinə yetirə bilir. Müştəri xidmətləri, satış, proqramlaşdırma, hüquq və digər sahələrdə çalışanlar risk altındadır. Xüsusilə iş təcrübəsi olmayan gənclərin və yeni başlayan mütəxəssislərin daha həssas qrup olduğu vurğulanır.

İkinci təhlükə kibertəhlükəsizliklə bağlıdır. Qeyts bildirib ki, hakerlər artıq proqram təminatındakı yeni boşluqları aşkar etmək və şəbəkələrə daxil olmaq üçün süni intellektdən istifadə edirlər. Onun sözlərinə görə, bu proses kibertəhlükəsizlik mütəxəssislərinin boşluqları aradan qaldırmaq sürətindən daha sürətli həyata keçirilə bilər.

Üçüncü təhlükə isə uşaqlar üçün süni intellekt yoldaşlarıdır. Virtual söhbət proqramlarının gənc istifadəçilərin həyatına həddindən artıq daxil olması onların real dostluqlar əvəzinə rəqəmsal münasibətlərə üstünlük verməsinə səbəb ola bilər.

Bill Qeyts hansı tədbirləri təklif edir?

Qeyts dünya ölkələrinin süni intellektin inkişafını yavaşlatmaq barədə razılığa gələcəyinə şübhə ilə yanaşır. Onun fikrincə, iqtisadi maraqlar və geosiyasi rəqabət şirkətləri və dövlətləri texnoloji yarışa davam etməyə sövq edir.

O, süni intellektin tənzimlənməsi üçün xüsusi dövlət qurumlarının yaradılmasını, bəzi peşələrin yalnız insanlar üçün saxlanılmasını, həmçinin robotlara və süni intellekt tokenlərinə vergi tətbiq edilməsini təklif edir.

Qeytsin fikrincə, bu tədbirlər avtomatlaşdırılmış sistemlərin işçiləri əvəz etməsini müəyyən qədər ləngidə, əldə olunan vəsait isə əməkdaşların yenidən hazırlanmasına və işini itirən insanların dəstəklənməsinə yönəldilə bilər.

Qeytsin mövqeyi “Meta” şirkətinin rəhbəri Mark Zukerberqin daha optimist yanaşmasından fərqlənir. Zukerberq yeni texnologiyalarla bağlı əvvəlki qorxuların sonda texnoloji tərəqqi, rifahın artması, sağlamlığın yaxşılaşması və həyat keyfiyyətinin yüksəlməsi ilə nəticələndiyini bildirib. Onun fikrincə, süni intellektlə bağlı da müsbət ssenarinin reallaşması mümkündür.

Aydın