Xəbər lenti

Süni qiymət artımı daha çox hansı sahələrdə müşahidə edilir? (RƏYLƏR)
Ekonomiks11:56 01.08.2019

Süni qiymət artımı daha çox hansı sahələrdə müşahidə edilir? (RƏYLƏR)

Google alqoritminə buraxmayın, xəbəri özünüz seçin!Xəbəri Google yox, siz seçin!Əlavə et
"Baxmayaraq ki, inflyasiya aşağı səviyyədədir, ancaq bəzi hallarda süni qiymət artımı da müşahidə olunur. Müvafiq qurumlar bu məsələ ilə ciddi məşğul olmalıdırlar. Mənə məlumat verilən kimi, dərhal göstərişlər verilir”. 
Xəbər verdiyimiz kimi, bu sözləri İyulun 31-də sosial-iqtisadi sahə ilə bağlı keçirdiyi müşavirədə prezident İlham Əliyev deyib.
Ölkə başçısı qeyd edib ki, istehlak bazarına daim nəzarət olmalıdır: "Çünki burada kartel sövdələşmələri də istisna deyil. Əlbəttə ki, biz süni qiymət artımına yol verə bilmərik. Çox ciddi nəzarət mexanizmi olmalıdır. Bu sahə daim diqqət mərkəzində olmalıdır”.
Maarqlıdır, süni qiymət artımı daha çox hansı sahələrdə müşahidə edilir? Bu problemi aradan qaldırmaq üçün hansı tədbirlərə, nəzarət mexanizmlərinə ehtiyac var? 
Qaynarinfo məsələ ilə bağlı ekspertlərin fikirlərini öyrənib. 
İqtisadçı ekspert Nazim Bəydəmirli prezidentin süni qiymət artımı ilə bağlı məsələyə toxunmasını, göstərişlər verməsini təqdirəlayiq hal hesab etdiyini dedi. Onun sözlərinə görə, əhalinin sosial-iqtisadi vəziyyəti, əsas da real gəlirləri istehlak bazarında olan qiymətlərdən çox asılıdır: 
"Qiymət artımı çox olduqda təbii ki, vətəndaşların gəlirləri azalır, onlar da dövlətə müraciət edirlər. Son dövrlər aparılan sosial siyasət, bir sıra sosial müavinətlərin artırılması da bunu təsdiq edir. Məsələnin mahiyyətinə gəldikdə, onu deyim ki, bazar iqtisadiyyatında süni qiymət anlayışı yoxdur. Liberal bazar iqtisadiyyatı onun üçündür ki, əsassız olaraq qiymət artırılırsa, onu təmzimləmək üçün qiyməti artıranı daha çox vergiyə cəlb edirlər. Ona görə də aşırı qiymət artımında marağı olmur sahibkarın. Deməli, əgər iqtisadiyyat düzgün idarə olunmuş olsaydı süni qiymət artımı haqqında ümumiyyətlə danışılmazdı. Müxtəlif holdinqlər, böyük şirkətlər, monopoliya ilə bazarı əlində saxlayanlar süni qiymət artımı edə bilərlər. Yəni kartel sövdələşmələri olar, bu da bilirsiniz ki, cinayət məsuliyyəti yaradan əməllərdir. Bunun üçün "Antiinhisar fəaliyyəti haqqında” qanun işləməlidir və belə hallara qarşı dövlət öz siyasətini ortaya qoymalıdır”.
Ekspert süni qiymət artımı olan sahələr haqqında da danışdı: 
"Məsələn, Dövlət Gömrük Komitəsi bəyan edir ki, biz "Baku Steel Company”dən hansı qiymətin ona sərf etdiyini soruşduq, İrandan armatur gətirənlərin qarşısını kəsdik və bəyannamə qiymətini 500 dollar elan etdik. Bu, birbaşa dövlətin süni qiymət artımı ilə məşğul olmasının sübutudur. Çünki sahibkar bazar iqtisadiyyatında daha çox hansı ölkələrdə ucuz mal olursa onu tapır gətirir, ölkədə rəqabət yaradır. Yerli istehsalçılar da o qiymətlərə baxıb daha optimal qiymətlə daha keyfiyyətli mal istehsal etməlidir. Süni qiymət artımı həmçinin sement istehsalındadır. Məsələn, "Holcim” qiyməti diktə edir, digər ölkələrdən klinker gətirilməsinə Gömrük Komitəsi vasitəsilə maneçilik törədir, monopoliya ilə qiymətləri müəyyən edir. Vətəndaşları daha çox narahat edən mənzil problemidir. Bu problemin kökündə də yuxarıda qeyd etdiyim amillər dayanır. Mənzillərin tikintisində istifadə olunan bu iki məhsul monopoliyadadır, tikinti şirkətləri də məcburdur onlardan baha qiymətə alsın, bu da son nəticədə mənzillərin qiyməti bahalaşır. Süni qiymət artımı dedikdə, fikrimcə, bunlar nəzərə alınmalıdır. Bunun qarşısını almağın yeganə yolu bazarı liberallaşdırmaq, məmur sahibkarlığını ləğv etmək və biznes fəaliyyəti ilə məşğul olan fiziki və hüquqi şəxslərə bərabər şərait yaratmaqdan keçir. Bunlar həyata keçirilsə nə cənab prezident, nə digərləri bu haqda danışmağa məcbur olmayacaqlar. Qiymət artımı haqda həyəcan təbili çalmaq hamının borcudur, müsbət qarşılayıram ki, ölkə başçısı buna reaksiya verir. Müşavirədə iştirak edən insanlar da yaxşı bilirlər ki, süni qiymət artımı nə ilə bağlıdır və onun qarşısını necə almaq olar”.
İqtisadi İslahatlar Elmi-Tədqiqat İnstitutunun baş elmi işçisi, iqtisadçı-ekspert Pərviz Heydərovun sözlərinə görə, ölkədə sosial istiqamətdə artımlar həyata keçirildikdən sonra əsas diqqət həmişə istehlak bazarına yönəlir. Belə ki, istehlak bazarında qiymətlərin buna qarşı adekvat reaksiya göstərməsini önləmək başlıca vəzifəyə çevrilir: 
"Çünki dövriyyəyə tələbin şişməsinə xidmət edən amilin, yəni onun tədiyyə qabiliyyətinin güclənməsi təmininə zəmin və şərait yaradan əlavə vəsaitin daxil olması nəticəsində, təklifin istər-istəməz yenidən təşkil olunması, ya kəmiyyətin genişlənməsi, ya da qiymətlərin artması zərurəti yaranır. Bu zaman isə xüsusən, sonuncu üçün süni tendensiyaya geniş meydan açılır. O mənada ki, qiymətlər təbii olaraq deyil, rəqabətin olmaması və inhisar amilləri səbəbindən süni şəkildə yüksəlməyə meyl göstərir. Ölkəmizdə istehlak bazarının geniş rəqabət imkanlarına malik olmadığı bəlli məsələdir. O cümlədən, inhisarçı amillərdən də uzaq olmadığı sirr deyil. Elə həm də məhz inhisarçı amillərə görədir ki, rəqabət üçün geniş şərait yoxdur. Odur ki, maaş və pensiyalar artan, sosial müavinət məbləğləri yüksələn kimi ən zəruri istehlak mallarının qiymətləri qalxmağa can atır. Və bu, bir çox hallarda süni olaraq baş verir. Ona görə də hökumət bazarda qiymətləri daima nəzarətdə saxlamağa çalışır ki, əks təqdirdə inflyasiyanın qarşısını almaq qeyri-mümkün ola bilər”. 
P.Heydərovun fikrincə, elə şərait var ki, qiymətləri çox da basqı altında saxlamaq olmaz və bu, mümkün də deyil. Xüsusən də, iqtisadi artımla bağlı tendensiya sarıdan inflyasiyaya təsir və təzyiq elementlərini çərçivəyə almaq yolverilməzdir: 
"Bunda ehtiyatlı olmaq lazımdır. Ancaq bazarın hər hansı bir seqmentində və yaxud da hər hansı bir zəruri istehlak malında süni qiymət artımı baş qaldırarsa, buna sözsüz, yol verilməməlidir... Məsələn, real olaraq bir sıra istiqamətlərdə qiymətlərin yüksəlməsi müşahidə edilir. Rəsmi statistikaya əsasən, 2019-cu ilin yanvar-iyun aylarında 2018-ci ilin müvafiq dövrü ilə müqayisədə istehlak məhsulları və xidmətlərinin qiymətləri 2,5%, o cümlədən, ərzaq məhsulları, içkilər və tütün məmulatları 2,7, qeyri-ərzaq 1,3, əhaliyə göstərilən ödənişli xidmətlərin qiymətləri isə 3,2% yüksəlib. Bütün bunlar orta rəqəmlərdir, bir sıra ərzaq məhsulları isə çox bahalaşıb. Aqrar məhsulların bahalaşmasını birincisi, Azərbaycanda bir sıra aqrar məhsulların istehsal xərcinin yüksək olması, ikincisi, subyektiv amillər - daşınma, süni qiymət artımının mövcudluğu, üçüncüsü, son vaxtlar aqrar sektorun inkişafı üçün görülən işlər nəticəsində kənd təsərrüfatı məhsullarının ixracının da artması, dördüncüsü və ən mühümü isə əhalinin minimum gəlirlərinin artması ilə izah etmək olar. Hesab edirəm ki, sadaladıqlarım sırasında birinci, ikinci və dördüncü amillərin təsir imkanlarına xüsusi nəzarət mexanizmi yaradılarsa, qeyri-təbii qiymət artımının qarşısını almaq mümkündür. Yeri gəlmişkən, zəruri istehlak malları, xüsusən də ərzaq məhsullarının qiymətlərinin dinamikası üzrə ənənəvi tendensiyadan əhali ümumən, həmişə narazı olub və olacaq. Yəni, bu, əksər ölkələrdə belədir. Əlbəttə, bu və ya digər qrup malların qiymətlərində bahalaşma olmasını nə vətəndaş, nə də hökumət istəmir və istəyə də bilməz. Lakin ilin bütün dövrlərində bu, qeyri-mümkün haldır. Çünki istehsalın və tələbatın artması dinamikası daim bərabər inkişaf edə bilməz. Ancaq bazarda şübhəsiz ki, müəyyən bir tənzimləmə olmalıdır və bu, zəruridir”.
Qaynarinfo-nun İqtisadiyyat şöbəsi