İtaliya Superkubokunun formatı dəyişdirilir.
Qaynarinfo-nun məlumatına görə, bu barədə A Seriyası rəhbərliyi açıqlama verib. Məlumata görə, bununla bağlı keçirilən iclasda növbəti İtaliya Superkuboku A Seriyasında ilk iki yeri tutan və kubokun finalına çıxmış komandaların iştirak etdiyi "dördlü final" formatında oynanılmasına qərar verib.
Bildirilib ki, İtaliya Superkuboku formatının növbəti mövsümlərdə tək, yoxsa "dördlü final" şəklində olacağı beynəlxalq matçların təqviminə əsasən müəyyənləşəcək.
Rəhbərlik qarşıdakı 6 mövsümün 4-də finala ev sahibliyi etmək istəyən Səudiyyə Ərəbistanının da təklifini müsbət qarşılayıb. Nəticədə 2024 və 2025-ci illərdə İtaliya Superkubokuna Səudiyyə Ərəbistanının ev sahibliyi etməsi ilə bağlı razılığa gəlinib.
2026 və 2027-ci illərdə fərqli ölkələrdə keçiriləcək İtaliya Superkuboku 2028 və 2029-cu illərdə yenidən sözügedən ölkədə oynanılacaq. Superkubok əvvəllər İtaliyadan başqa Liviya, Çin, ABŞ, Qətər, Səudiyyə Ərəbistanı kimi ölkələrdə keçirilib.
İtaliya Superkubokunda ən çox qalib gələn komanda "Yuventus"dur. Turinlilər 9 dəfə Superkuboku başı üzərinə qaldırıb. Bu kuboku sonuncu dəfə "Milan"ı 3:0 hesabı ilə məğlub edən "İnter" qazanıb.
Səbuhi Həsənov