Xəbər lenti

SUYU BULANDIRMAYAQ
Ölkə14:02 04.06.2013

SUYU BULANDIRMAYAQ

Google alqoritminə buraxmayın, xəbəri özünüz seçin!Xəbəri Google yox, siz seçin!Əlavə et

Sevinc Çılğın

Evdə qız böyüdən analar xarici görünüşlərində daha diqqətli olmalıdırlar. Hər zaman gözəl görünməyə çalışmalıdırlar. Geyimlərini düzgün və zövqlə seçməlidirlər. Dırnaqları təmiz və baxımlı olmalıdır. Saçlarına daraq çəkməkdən ərinməməlidirlər. Tozlu və ya çirkli ayaqqabılarla gəzməməlidirlər. Səliqəli və təmizkar qadın təəssüratı yaratmaq vacibdir. Ancaq bu, sadəcə təəssürat yaratmaqla bitməməlidir.

Görüntü bəzən aldadıcı olur. Bəzən gözəl görünən qadın danışığı və davranışıyla ilkin fikirləri alt-üst edir. Hətta zahirən gözəl olsa belə, bir anın içində hər şey dağılır, əvvəlki gözəllik ikrah doğurur.

Demək ki, təkcə zahirən deyil, daxilən də gözəl qadın olmaq lazımdır. Etik normaları bilmək, yerli-yerində istifadə, ağzımızdan çıxana diqqət, hərəkətlərimizə nəzarət etmək kimi məcburiyyətimiz var.  Çünki qızlarımız, nənələrimiz demişkən, bizim tökdüklərimizi yığır, bizə oxşamaq istəyirlər; hündürdabanlarımızı geyinib oynamaqdan zövq alırlar. Hər fürsətdə kosmetikalarımızı ən azından əllərində tutub guya bizə yardım edirlər. Onların qadınlıq instinktləri bunu diqtə edir.

Əgər kənardan müşahidə etsəz, görərsiz ki, onlar bizim kimi danışmağa, hərəkətlərimizi təkrar etməyə çalışırlar. Bəzən dediyimizlə etdiklərimiz üst-üstə düşmür. Yaxşını deyib pisi öz timsalımızda nümunə göstərməyək. Saxta və yalançı qadın heç arzuolunan deyil. Biz – qız böyüdən analar, gələcəyin kişilərini də düşünək gərək. Çünki o oğulları da biz böyüdürük. Gələcəyin xoşbəxt qadını və kişisi bizim əlimizdən su içir.

Diqqətli olaq – suyu bulandırmayaq.

P.S. İnsanlardan deyil, heç olmasa əyninizdəki bahalı paltarlardan, əlinizdəki APPLE-dən utanın…

P.S.S. Bunları müasir insanlara xitabən yazmaq əzabvericidir.