İdman 12:43 19.05.2022

Taekvondoçularımızın Avropa çempionatındakı rəqibləri müəyyənləşdi

2Bu gün Böyük Britaniyanın Mançester şəhərində böyüklər arasında Avropa çempionatına start verilir.
 
Qaynarinfo-nun məlumatına görə 42 ölkədən 340 taekvondoçunun iştirak etdiyi qitə çempionatında 13 idmançı ilə təmsil olunan komandamızın dörd üzvü ilk yarış günü mübarizəyə qoşulacaq.

Kişi taekvondoçulardan Səyyad Dadaşov (54 kq), Qaşım Maqomedov (63 kq), qadınlardan isə Patimat Abakarova (49 kq) və Röya Hacıyevanın (53 kq) rəqibləri artıq bəllidir. Belə ki, Səyyad Dadaşov xorvatiyalı Josip Teskera (1/16), Qaşım Maqomedov ukraynalı Volodimir  Bıstrova  (1/32), Patimat Abakarova almaniyalı Suparada Kisskalta (1/16), Röya Hacıyeva isə danimarkalı Luise Lingbaekə (1/32) qarşı döyüçəcək. 

Eyni zamanda parataekvondo üzrə Avropa çempionatı da başlanır. Beş idmançı ilə yarışda iştirak edən millinin iki üzvü, Sabir Zeynalov (58 kq) və Röyalə Fətəliyeva (47 kq) (hər ikisinin kateqoriyası 44) bu gün  dayanq üzərinə çıxacaq. Sabirin ilk rəqibi özbəkistanlı Sanjarbəy Muntorov olacaq. Röyalə isə türkiyəli Nurcihan Ekinci ilə qarşılaşacaq.
 
12 ölkədən 60 parataekvondoçu medallar uğrunda mübarizə aparacaq.
 
Səbuhi Həsənov