
Bir neçə ay əvvəl bizimxeber.az-a daxil olan məlumatda qeyd olunurdu ki, adı ciddi qalmaqallarda və əsasən korrupsiya oyunlarında tez-tez çəkilən «Azərsu» ASC-nin rəhbəri Qorxmaz Hüseynov ASC-yə rəhbərlik edə bilmir. Daha doğrusu, ASC kənardan diqtə ilə idarə olunur.
Hamıya məlumdur ki, Q. Hüseynovun bu posta irəli çəkilməsi üçün müəyyən dairələr ciddi cəhdlə işləyib. Bu postun tutulması üçün isə əsas dəstəyin ciddi dayaqlara və hakimiyyətin yuxarı eşalonundakı fiqurlara yaxınlığı, böyük biznes dayaqlarına malikliyi ilə digər başçılardan fərqlənən Salyanın icra başçısı Tahir Kərimovdan gəldiyi deyilirdi. Ən nəhayət, Tahir Kərimovun istəyi reallaşıb və adamı Qorxmaq Hüseynov ASC-nin rəhbəri təyin olunub.
Elə bu səbəbdən də “Azərsu” ASC icra başçısı Tahir Kərimovun diqtəsi ilə idarə olunurmuş. Bütün yaxın adamlarını ASC-də ciddi postlara yerləşdirən Tahir Kərimov ”Azərsu”da istədiyi kadr dəyişikliyini etmək gücündə olub.
Xəbərdə qeyd olunurdu ki, “Azərsu”dakı bütün milyonluq beynəlxalq layihələr T.Kərimova yaxın adamları vasitəsi ilə həyata keçirilirmiş. Amma son günlər vəziyyət dəyişib. Mətbuatın “Azərsu” ASC-də oynanılan milyonluq oyunları üzə çıxaran araşdırma yazırları müəyyən dairələri ciddi addımlar atmaq məcburiyyətində qoyub.
Üstəlik, Qorxmaz Hüseynov da beynəlxalq layihələrin yönlənməsinin ona aid olmadığını deyərək yaxasını kənara çəkmək istəyib. “Azərsu” ASC ilə işləyən beynəlxalq tender təşkilatları isə ayrılan vəsaitin doğru istiqamətdə xəclənmədiyini görərək kənara çəkilmək məcburiyyətiundə qalıblar. Bütün baş verənlərin fonunda olduqca çətin duruma düşən Tahir Kərimov əlavə yollar axtarışına çıxsa da nəticəsiz qalıb.
Bizimxeber.az-a daxil olan məlumatda qeyd olunur ki, Salyanın “əsaslı təmir”indən sonra ciddi təpkilərlə üzləşən Tahir Kərimov etimadını itirmiş sayılır. Salyanda görülən işlərin keyfiyyətsiz və başdansovdu olduğu icra başçısına açıq şəkildə irad olaraq bildirilib. Əsasən Bayraq meydanı ilə bağlı ciddi təpkilər olub.
Qeyd edək ki, Salyandakı Bayraq meydanı tez-tələsik tikilib. Meydanın hazırlanmasında istifadə olunan avadanlıqlar, döşəmələr rayonda Tahir Kərimova yaxın olan elə Tahir Kərimov adlı iş adamının sexində keyfiyyətsiz (Bu barədə gələn günlərdə geniş məlumnat verəcəyik.) hazırlanıb.
Məlumatda qeyd olunur ki, Tahir Kərimov və onun komandası, yəqin ki, əvvəl “Azərsu” ASC-dəki dayaqlarını itirəcək. Bundan sonra isə, onun postdan salınması reallaşacaq.
Qeyd edək ki, prezident İlham Əliyevin nazirlərlə bir gün öncə keçirdiyi görüşdə səsələndirdiyi fikirlər bəzi məmurları ayıltmalıdır. Prezident çıxışında bildirdi: “Bütün dövlət idarələrində, xüsusilə vətəndaşlarla təmasda olan dövlət qurumlarında korrupsiyaya, rüşvətxorluğa qarşı çox ciddi mübarizə aparılmalıdır. Biz bilirik yaralı yerlərimiz haradadır. Bu yaraları sağaltmaq üçün nə etməyin lazım olduğunu da bilirik. Siyasi iradə də var. Kifayət qədər güclü iradədir. Yerlərdə, mərkəzi icra orqanlarında, yerli icra orqanlarında. Onlara qarşı cinayət işləri açılmalıdır. Düzdür, indi Korrupsiyaya Qarşı Mübarizə İdarəsində bu işlər gedir, cinayət işləri açılır. Daha da ciddi tədbirlər görülməlidir ki, biz bu bəladan özümüzü xilas edək”.
Yəqin ki, adiçəkilən şəxslər də bundan nəticə çıxaracaqlar.//bizimxeber.az