
2 gün əvvəl "Qarabağ" klubu növbəti qapıçı transferini etdi. Serbiyalı Boyan Şaranovdan sonra Almaniyada legioner karyerası yaşayan Rusiya doğumlu azərbaycanlı qapıçı Emil Balayev də "Qarabağ"la 1 illik müqavilə bağladı.
2014-cü ilin dekabrında "Neftçi"dən ayrılaraq Almaniyanın elita klublarından olan "Ayntraxt"a (Frankfurt) keçən 22 yaşlı qolkiperin yenidən yetirməsi olduğu sabiq klubuna qayıdacağı gözlənilirdi. Lakin gözlənilənin əksinə olaraq, o, "Qarabağ"da məşq etməyə başladı.
Emil Balayev "Neftçi"də çıxış edən vaxt bu klubda vitse-prezident vəzifəsində çalışmış Tahir Süleymanovla bu barədə danışmaq qərarına gəldik. Tahir bəy Qaynarinfo.Az-a açıqlamasında şok iddia ilə çıxış etdi. Onun sözlərinə görə, "Neftçi" Emil Balayevin "Ayntraxt"a keçidindən heç bir pul qazanmayıb:
"Emil Balayev Azərbaycanın ən istedadlı qapıçılarından biridir. Futbolçu vaxtilə 2 klub - "Neftçi" və "Ayntraxt" arasında müqaviləyə görə deyil, azad transfer statusunda Almaniyaya göndərilib. "Emil Balayev alman klubuna transfer olundu" açıqlaması kökündən yanlış idi. Hətta absurd, xalqı aldatmağa yönələn "FİFA-nın həmrəylik prinsipinə uyğun 40 yaşına qədər klub vəsait qazanacaq" açıqlaması "Neftçi" rəsmilərinin futboldan anlayışı olmamalarının göstəricisi idi. Futbolçunun başqa kluba keçidinə razılıq verəndə klub müəyyən məbləğdə vəsait qazanır və ya gələcəkdə digər kluba keçərsə, faizini alır. Özü də söhbət 23 yaşa çatmamış perspektivli futbolçudan gedir. Bu yaşa qədər olan futbolçularla bağlı FİFA-nın öz qaydaları, tələbləri var. Bununla yanaşı işlər elə qurulmalı idi ki, ən azından futbolçu vətənə dönəcəyi halda doğma klubuna qayıtsın, başqa klubda çıxış etməyə ixtiyarı olmasın. Diletant yanaşma nəticəsində bunların heç biri baş vermədi. Əksinə, Emil Balayev Almaniyada olduğu müddətdə "Neftçi" onu geri qaytarmaq istəsə də, buna nail ola bilmədi. Öz əlləri ilə perspektivli futbolçunu "Ayntraxt"a verib sonra geri qaytarmaq istənilməsi naşılıqdan başqa bir şey deyildi".

Süleymanov "Ayntraxt"da 1 rəsmi oyuna çıxmayan Emilin Almaniyada belə aqibətlə yaşayacağından əmin olduğunu bildirib: "Emil Balayevin Bundesliqada oynaya bilməməsi öncədən bəlli idi. Yaşı və təcrübəsi buna imkan vermirdi. Perspekivi nəzərə alıb kluba cəlb etmişdilər. Digər tərəfdən şanssız əməliyyat qapıçını xeyli geri saldı. Ən doğru addım Emilin "Neftçi"də qalıb əsas heyətdə oynaması olardı. Futbolçu "Sumqayıt", "Araz Naxçıvan"da icarə əsasında oynayaraq buna hazırlanırdı. Hətta 2014-cü ildə "Neftçi"nin start heyətində də çıxış etdi. Gəncləşdirmədən dəm vuran "Neftçi" rəhbərliyi istedadlı futbolçunu havayı yola salaraq, 1,5 ilə 2 mənasız legioner qapıçı transfer etdi".
Tahir Süleymanov Emil Balayevin "Neftçi"ni seçməyib "Qarabağ"a üstünlük verməsini də klubun adına yaxşı hal olmadığını qeyd edib: "Doğma klubunda məşqlər keçmək əvəzinə, Emil Balayev "Qarabağ"ın düşərgəsində uzun müddət hazırlıq keçdi. "Neftçi" buna yol verməməli idi. Nəticədə Emil Balayev "Qarabağ"la müqavilə bağladı. "Neftçi"nin biganəliyi istedadlı futbolçunun itirilməsi ilə nəticələndi. Vaxtilə Tərlan Quliyevin "Qarabağ"a keçidindən "Neftçi" 100 min dollar vəsait qazanıb. Bu gün Emil bakılıların əsas qapıçısı olmalıydı. Tək Emil Balayev deyil, son 2 ilə yaxın müddətdə "Neftçi"nin səriştəsiz rəhbərliyi nəticəsində Mirhüseyn Seyidov, Elvin Yunuszadə, Emin Mehtiyev, Nicat Qurbanov, Samir Məsimov, Ruslan Qurbanov və s. gənc futbolçular klubu tərk edib. İndi isə yeni baş məşqçi Elxan Abdullayev "futbolçu yoxdur" deyə imdad edir. 1 ilə hazır komandanı düşmən də bu günə sala bilməzdi..."

Qeyd edək ki, Emil Balayevin qışda Almaniyanın bir digər klubu Braunşvayq "Ayntraxt"ına keçmək variantı olsa da, sonradan bu keçid alınmamışdı.
Qaynarinfo.Az