
3 gün əvvəl hazırda "Qəbələ"də çıxış edən Araz Abdullayevin yunan meneceri Tassos Anaqnu saytımıza müsahibə vermişdi. Təcrübəli menecer müsahibəsində (http://az.qaynarinfo.az/xeber-o-quotolimpiakosquotda-asanlqla-oynaya-bilrdi-ancaqquot-t104601.html) futbolçumuzun İngiltərənin "Everton" və Yunanıstanın "Panionios" klublarına transferinin detallarından danışmışdı.
Bundan sonra həmin vaxt (2010-2011-ci illərdə) "Neftçi"nin vitse-prezidenti işləmiş Tahir Süleymanov redaksiyamızla əlaqə saxlayaraq müsahibə barədə fikirlərini bildirmək istəyib. Qaynarinfo.Az bu dəfə Süleymanovun fikirlərinə yer verib. Tahir bəy də bəzi bilmədiyimiz maraqlı məqamlara aydınlıq gətirib:
"Yunan menecerin müsahibəsini oxudum. Səmimi açıqlamalara görə təşəkkürümü bildirirəm. Çox müddət keçsə də, bir çox məqamlara obyektiv münasibətini bildirib. İngilislər israrla futbolçunu heyətlərində görmək istəyirdilər. "Everton"la Araza görə 2 illik müqavilə bağlandı. Buna görə ilk olaraq 50 min dollar dərhal "Neftçi"nin hesabına köçürdülər. Müqavilə şərtlərinə uyğun Araz "Everton"da oyayacağı halda "Neftçi" üçün əlavə ödənişlər olacaq idi.
İki klub arasında danışıqlar nəticəsində çox çətinliklə 2-3 önəmli bəndi "Everton"a qəbul etdirdik və bunlar müqavilədə öz əksini tapdı:
1. Araz "Everton"da "18-liy"ə düşəcəyi halda, "Neftçi"yə əlavə ödənişlər haqqında;
2. Araz start heyətinə düşəcəyi halda, "Neftçi"yə əlavə ödənişlər haqqında;
3. İşçi vizası təmin olunana qədər Arazın "Neftçi"də və ya "Neftçi"nin razılığı ilə icarə əsasında xarici klublarda çıxış etməsi haqqında;
4. "Everton"da çıxış etməsi üçün işçi vizası təmin olunmadığı halda, Araz Abdullayevin 100% ixtiyarının "Neftçi"də qalması haqqında;
Qeyd etdiklərim çox çətin danışıqlardan sonra müqavilədə öz əksini tapdı. Hətta birinci il Araz "Neftçi"də tam olaraq "Everton"un ödədiyi vəsait hesabına çıxış etdi. İşçi vizası həll olunduqdan sonra 150 min dollar da "Neftçi"yə ödənilməli idi. Müqavilədə bu da var idi. "Everton" gələcəkdə futbolçunu başqa kluba satsaydı, transferin 10%-i "Neftçi"yə çatmalı idi.
İngiltərədə olarkən həmin mövsüm Arazın maaşını "Neftçi" ödədi. Ancaq öz büdcəmizdən yox. "Everton"un "Neftçi"yə ödədiyi 50 min dollar hesabına bunu etdik. Ancaq icarə müqaviləsinin bəndlərinə uyğun Yunanıstanda maaşı "Panionios" tərəfindən ödənilirdi.
Gənc futbolçunun millinin heyətində davamlı 75-100% heyətdə olması üçün oyunçu gərək 17 yaşından daimi heyətdə ola. Bu da mümkünsüz, ən yaxşı halda nadir hallarda olur. Buna görə gənc futbolçuların yaşını və gələcək perspektivini nəzərə alıb xüsusi icazə verə bilirlər. "Everton" daxili qaydalara uyğun buna nail olmuşdu. Yeganə qalırdı Arazın 3-5 rəsmi oyunda meydana çıxması. İngiltərədə tiibbi baxışdan uğurla keçdikdən sonra "Everton" işçi vizasının verilməsi üçün müvafiq qurumlara müraciət etmişdi. İngiltərənin Azərbaycandakı səfirliyi də bu işdə "Everton"a kömək göstərirdi. Həqiqətən Devid Moyesin Berti Foqtsla danışığından və müqavilə bağlandıqdan sonra onun millidə oynadılmaması tək "Neftçi", Araz Abdullayevə qarşı deyil, ümumi ölkə futbolu adına, Azərbaycana qarşı cinayət idi. Federasiya rəhbərliyi ilə danışıq, təkidlərimizə baxmayaraq, əməllərindən əl çəkmədilər. Futbolu deyil, özlərini düşünən cavabdehlər öz adlarına yazılmayacaq tarixi transferin qarşısını aldılar. Millidə Axtyamovlara yer tapıldı, Araza isə yox...
Menecer həqiqətən Yunanıstanın aparıcı klubları ilə təmasda idi. Araz Abdullayev "Panionios"da icarədə olduğu müddətdə yaxşı çıxış edirdi. Yunan klubu daha bir mövsüm onu komandada saxlamaq istəyirdi. Menecerin dediyi yeganə bir məsələdə səhv var. Yəqin Araz elə deyib ki, menecer inciməsin, qeyri-peşəkarlıq kimi qəbul etməsin. Onun "Neftçi"yə geri dönüşü pulla bağlı deyildi. Araz "Neftçi"də olduğu müddətdə bizimlə heç vaxt pul söhbəti aparmayıb. Həmin dövrdə yunan klubunda aylıq maaşı 5 min avro idisə, "Neftçi"də 4 300 manat idi. Biz Arazın geri dönməsini istəmirdik. Klub prezidenti Sadıq Sadıqov və özüm dəfələrlə futbolçu ilə söhbət etdik. Ailədə ata əvəzi olduğu üçün israrla geri dönmək istədiyini bildirdi. Bakıda bacısı təhsil alırdı deyə, bütün ailəsini Yunanıstana apara bilmirdi və nəticədə yenidən "Neftçi"yə qayıtmalı oldu.
Nəhayət sonda bir məsələni də qeyd etmək istərdim. Arazın "Everton"a kecidində "Neftçi" maliyyə maraqlarından çox, futbolçunun Azərbaycan adına İngiltərə klubuna keçməsinə önəm verdi. Yoxsa, daha böyük 500 min - 1 milyon transfer məbləği qoyula bilərdi. Buna baxmayaraq, danışıqlar zamanı müqavilədə maliyyə və futbolçunun gələcək satışına dair bəndlər salındı".
Sonda bu məsələ ilə bağlı tərəflər arasında baş tutan o vaxtkı yazışmaların sənədlərini təqdim edirik. Sənədlərdən də görünür ki, Arazın işçi vizası düzəlsəydi, "Everton"da çıxdığı hər 10 oyuna görə "Neftçi" 50 min dollar qazanacaqdı. Amma Berti Foqts və onun kimi eyni düşüncədə olan zatlar Arazın millidə oynamasını əngəlləməklə Azərbaycana bu qədər pul gəlməsinin qarşısını aldı...
Səbuhi TOFİQOĞLU





