
Sabah saat 16:00-da Gənclər və İdman Nazirliyində mətbuat konfransı keçiriləcək.
Qaynarinfo.Az xəbər verir ki, konfrans oktyabrın 3-də Estoniyanın paytaxtı Tallində keçirilmiş seçkilərdə Taleh Orucovun Dünya Kapoeyra Federasiyasına (DKF) prezident seçilməsi münasibəti ilə olacaq. O, 2019-cu ilin noyabrınadək prezident seçilib.
Qeyd edək ki, əvvəllər DKF-in vitse-prezidenti olan Taleh Orucov hazırda həm də Azərbaycan Kapoeyra Federasiyasının təsisçisi və prezidentidir. DKF-in mədəniyyət üzrə vitse-prezidenti isə əslən Azərbaycandan olan Estoniya vətəndaşı Ramid Niftəliyevdir. DKF-in yaradılması təşəbbüsü 2011-ci ilin iyunun 18-də Bakıda keçirilmiş III Dünya Kapoeyra Forumunda irəli sürülüb. Həmin ilin oktyabrında isə bu qurum artıq Tallində qeydiyyatdan keçib.
Kapoeyra üzrə ilk dünya çempionatı da 2013-cü ildə Bakıda baş tutub. Ötən il II dünya çempionatının Braziliyanın Rio de Janeyro şəhərində keçirilməsi nəzərdə tutulsa da, həmin ölkənin yeni İdman naziri ilə danışıqların pozulması buna mane olub. Artıq oktyabrın 5-də II dünya çempionatının da Bakıda keçirilməsinə qərar verilib. Bu, 2018-ci ilin mayında olacaq. Noyabrın 15-də isə Etibar İsayev tərəfindən hazırlanmış dünya çempionatının loqosu təsdiqlənib.
Qaynarinfo.Az

