İdman 16:49 31.01.2024

Talıbov: “Sabah” Musayevlə müqavilə müddətini uzatmaqda tələsdi”

Azərbaycan Kubokunun 1/4 final mərhələsi çərçivəsində ötən gün baş tutan "Sabah” - "Qarabağ” qarşılşamasında gözlənilməz nəticə qeydə alındı. Ağdam klubu rəqib qapısından 90 dəqiqə ərzində yeddi top (7:1) keçirməklə bakılıları, belə demək mümkünsə, "topa tutdu”. Ümumiyyətlə, "Sabah” ötən mövsümə nisbətdə bu il bərbad çıxışı ilə diqqət çəkir.

Əfqan Talıbov "Sabah”ın durumunu dəyərləndirib. Mütəxəssis Qaynarinfo-ya açıqlamasında bunları söyləyib:

"Müəyyən dərəcədə çempionat iki mərhələdən ibarətdir. "Sabah”da heç cür alınmır. Oyun üslubuna baxırıq, qaçırlar, mübarizə aparırlar, hər şey edirlər. Amma nəticə qazana bilmirlər. Müdafiədə çoxdandır belə səhvlərə yol vermirdilər. İkincisi, "Sabah” heç vaxt müdafiədə oturan komanda deyil. 1:7 onu göstərdi ki, həm qapıçı, həm müdafiəçilər boşluqlar verdi. "Qarabağ” kimi Avropa səviyyəli komanda belə şeyləri bağışlamır. Elə başa düşürəm ki, klub Murad Musayevlə müqavilə müddətini uzatmaqda tələsdi. Musayev bizdə elə fikir formalaşdırmışdı ki, onun sehrli çubuğu var. Hansı komandaya getsə, işləri yüksək səviyyədə görür. Amma çətin duruma düşüb və indi təcrübəsindən istifadə edib çıxış yolu tapmalıdır. Necə olur, hakimlərlə mübahisə edə bilir? Hakimlərlə hamı mübahisə edir, digər komandaların da əleyhinə və ya xeyrinə qərarlar çıxarılır. Bunu bəhanə etmək lazım deyil. Kubok əldən getdi, qaldı çempionat. Orada da stabil çıxış etmir ki, avrokuboklara vəsiqə qazanmağa ümid versin. Avrokuboklara vəsiqə qazanmaq üçün gərgin mübarizə gedir. Ona görə də rəqiblərlə başabaş mübarizə aparmaq və xal itirməmək məqsədyönldür. 1:7-dən sonra kubok yarışından çıxdıqlarını deyə bilərəm. Əsas problemləri çempionatda olacaq. Ağır nəticədir. Bir şeyi də etiraf edim ki, oyunlarda məsələ həll edə bilən heyətləri var. Şərt o deyil ki, Kaşuk, Mikels, İsayev getdi. Səviyyəli legionerləri var, imkanları yüksəkdir. Murad Musayev bu komandanı durumdan çıxarsa, onunla vidalaşmalıdırlar. Rəhbərlik böyük vəsait xərcləyir, baş məşqçi hansı oyunçunu istəyirsə, götürürlər. "Sabah”ın rəhbərliyi bunu nəzərə almalıdır”.

Talıbov, Musyaevin üzərində heç bir təzyiq olmdığını və yeni müqavilə ilə məsuliyyətinin daha da artdığını bildirib:

"Klub daxilində olan problemləri özləri bilirlər. Bununla bağlı özləri aydınlıq gətirsə, yaxşı olar. Musayev hazırda çətin durumdadır və bu yerdə onun səviyyəli olub-olmadığını görməliyik. Avrokuboklara vəsiqə qazanmasalar, bu, böyük faciə olmayacaq. Amma rəhbərlik böyük vəsait xərcləyir. Sabitlik lazımdır. Dəfələrlə ümid edirdik ki, bu durumdan çıxacaqlar. Amma etiraf etməliyik, komandalar güclənib. Keçənilki çempionat deyil. Musayevin üzərində heç bir təzyiq yoxdur. Onunla yeni müqavilə bağlayıblar, şərait yaradıblar. Heç kim işinə qarışmır”.

Səbuhi Həsənov