İradə İsaq
"Başqasının uşağına öyüd-nəsihət etməyə nə var ki? Sən gəl öz uşağını yetisdir görüm alınırmı? Bəs heç öz oğlundan xəbərin var, ay İradə?..”
Bu, anamın sözüdür.
Və elə bu söz məni, mədəni desəm, motivasiya etdi, bizim təbircə - qızışdırdı.
Nitq, natiqlik və motivasiya dərsləri keçirdim yeniyetmələrə. Dərslər o qədər uğurlu keçirdi ki, valideynlər dayanmadan zəng vurur, təşəkkür edirdi. Bir dəfə də özümü göstərmək üçün anamın yanında bir vəzifəli valideynlə danışıram. Məni yerə, göyə sığdırmır: "Övladımı xeyli dəyişmisiniz. Dərslərini əla oxuyur, məni başa düşməyə başlayıb". İş o yerdədir ki, analar uşaqları ilə mənim vasitəmlə danışır artıq. Mən də "forslanaraq" dinləyirəm və anama baxıram. Sonda anam yuxarıdakı sözləri dedi. Və burda Kərəmi ağlamaq tutdu.
Doğrudan, başı Universitet imtahanlarına qarışmış oğlumu tamam unutmuşam. Bəlkə də bir il olar ki, biz ancaq axşamlar görüşürdük, mən yorğun olurdum.
Oğlum da dilucu oxuyur, motivasiya sıfır. Mənim isə xəbərim yox.
Anamın sözü mənə təkan oldu. Aldım oğlumu yanıma, düşdük parkin canına. Bir saatın içində danismadigimiz bir ilin boşluğunu doldurmaqla məşğul olduq. Türkiyəyə oxumağa getməyini istəsəm də, sən demə, oğlum heç ölkədən ayrılmaq istəmirmiş. 17 yaşlı oğlanın bir dünya qorxusu varmış. Mən isə bunlardan bixəbərəm. Əvvəl dərdləşmək modunda söhbətləşdik. Yay idi. Beləcə, adətə keçirdik hər axşam park gəzintilərimizi.
Oğlumu sanki ilk dəfədir görür və tanıyırdım. Dünyası nə dəyişik imiş? Bütün cavanlar kimi polis olmaq istəyir, əslində "qanuni oğru”ların həyatı ilə maraqlanır. Arzusu adı gənc kimi 07 maşını alıb avtoşluq etməkdir.
"Uşağın başını buradakı çevrəsi nə hala gətirib?" - nənəsinin ərköyün böyütdüyü, aramızda sanki uçurum dayanmış yeniyetmə oğluma baxıram. "Mən bunun ayarlarını necə düzəldəcəm?" - deyə qara-qara düşünürəm. Daim məşğul ananın ən böyük problemi. İndiki zamanda Sovetskidə uşaq böyütmək asan gəlməsin sizə. Hmmm...
Hardan başlayacam?
Başladım bir yerdən. İkimizin bir-birini anlayacagımız yerdən məsələn. Kimi dinləyir? Bir sürü qaramat, meyxana, rep. İnsafən içində yaxşıları vardı. Məsələn, Aslixani sevdirdi mənə Yunis. Açıram gözəl musiqiləri, klassikləri dinləyir, "nə gözəl oxuyurlar" deyir. Dəyişmə tutdu, əla.
Keçirik filmlərə, kitablara. Qısa yoxlanış, sonra dərhal motivasiya. Çox aşağı enib motivasiyası. Ümidi yoxdur. Mən də "oxuma, - deyirəm, - məcbur deyilsən". "Doğrudan?” - deyə gözləri parlayır.
- Hə, işıqlı insan olmaq fikrin yoxdursa, oxuma. Hamının alim olmaq borcu yoxdur, amma keyfiyyətli vətəndaş olmaq, ya da sıradan məhəllədə, tində duran oğlan olmaq kimi seçimləri var. Sən hansını seçirsənsə, bil ki, o olacaqsan, bil. Bu gün sənin qarşında duran içi mən qarışıq hər kəs ömrünün, taleyinin obrazı deyil, verdiyi qərarların protitipidir. Sən seçəcəksən, bu ömrü necə yaşayacaqsan? Mənim nəsə istəməyim sadəcə boşboğazlıq etməkdən ötəyə keçməyəcək. Nə olmaq istəyirsən?
- Yox, tində duran olmaq istəmirəm.
- Yaxşı olmaq da asan deyil axı. Savaş verməlisən, oğlum.
- Dəyiş məni! Mən də belə olmaq istəmirəm.
Hə, əsas qarşındakıdır. O istəsin dəyişməyi. Beynini ilk iş olaraq Türkiyədəki təhsilə yönəldirəm. Qorxuları üzərində işləyirik. Adladıq bir az. Sonra seçəcəyi sənəti, yolu, həyatı.
Əvvəl deyirdim, eşidirdi, amma yenə də haradasa itirdim Yunisi. O "dost" çevrəsi məhvərimizi tez-tez dəyişirdi. İşim çətin idi. Arada həvəsdən düşürdüm. Bir dəfə evdə iş görəndə fikir verdim ki, anamdan sitat gətirdim, sonra nənəmdən, bibimdən. Əslində heç o zaman o sözləri eşidəndə onları dinləməmişdim, amma o nəsihətlər beynimin harasındasa taxılıb qalmışdı. Hə, demək, Yunisdə də belə olacaq, həvəsdən düşmə, davam et, İradə.
Və nəhayət Türkiyədə 17 yaşlı oglanı təkbaşına, heç bir evə, yurda yerləşdirmədən, kiçik oteldə və sənədlərini tam duzəltmədən, qorxu içində yalnız qoyub geri qayıdıram.
- Ana, mən necə edəcəm, düşünmürsən?
- Düşünürəm, amma təəssüf ki, gerisini özün təkbaşına həll etməlisən.
Üstündən iki ay keçir. Ev də tuturlar, sənədlərini də düzəldir. Amma mən dəstək söhbətlərimizi əksiltmirəm təbii.
Və budur. İstədiyim zəng və Yunisin cavabı:
- Ana, sənə çox-çox minnətdaram. Nə yaxşı ki, mənim anamsan. Səni dinlədim, məni dəyişdin. Həyatımı, ruhumu, yolumu, ölkəmi. Sən məni başqa adam etdin. Bax, Türkiyənin ortasındayam, axşam saat 10-dur. Əvvəlki Yunis bilirsən də nələr edərdi. Mən indi oturub bu saatda dərs oxuyuram, günümü planlayıram, pulumu hesablayıram, necə qənaət edəcəyimi öyrənirəm. Daha pulu göyə sovuran, kitabları kənara atan Yunis deyiləm. Xəyalını qurduğumuz o adam olacam. Sənə söz verirəm.
Gecə saat 10-daki bu söhbət məni dünyanın xoşbəxti edir. Vəssalam.
Tək sözüm. Övladınızın əlini siz buraxsanız, başqaları tutacaq. Əsla!