İdman 14:55 03.03.2023

Tanınmış mütəxəssis laqeyidliklən gileyləndi: “Bizi futzala yaxın buraxmırlar”

Futzal millimiz bu gün DÇ-2024-ün əsas mərhələsi çərçivəsində növbəti matçına çıxacaq. Joze Alesionun başçılıq etdiyi komanda Yunanıstan yığmasını qəbul edəcək. Düzdür, əvvəllər yunanlarla qarşılaşdığımız bütün oyunlarda qələbə qazanmışıq. Ancaq son vaxtlar millidəki dəyişikliklər, bəzi təcrübəli futbolçuların yığma karyeralarını bitirmələri və sair amillərdən sonra hazırda komanda eniş yaşayır. Məsələ burasındadır ki, gətirilən legionerlər də ciddi effekt vermir. 

Azərbaycanın tanınmış futzal mütəxəssislərindən olan Baba Əsgərov Qaynarinfo-ya həm yunanlarla oyun haqda, həm də millimizin durumundan və futzalımızın hazırkı problemlərindən danışıb.

"Əlbəttə, bir azərbaycanlı kimi bugünkü oyundan qələbə gözləyirəm. Mənə elə gəlir, komandamız bunun öhdəsindən asanlıqla gələcək. İtkisiz, çox güc sərf etmədən yunanları keçmək lazımdır. Növbəti oyun Polşa millisinə qarşı olacaq. Gücümüzü məhz bu oyuna saxlamalıyıq, çünki, fikrimcə, növbəti mərhələyə vəsiqə məsələsi məhz bu qarşılaşmada həll olunacaq”.

Statistikaya nəzər salsaq, yunanlarla bütün oyunlarda qələbə qazanmışıq. Bəs bu komandamızı arxayınlaşdıra və təsir edə bilərmi:

"Bu, psixoloji məsələdir. Oyuna boş, məsuliyyətsiz yanaşmaq, onların peşəkarlıq səviyyəsinin aşağı olduğunu göstərər. Soyuq başla, peşəkar səviyyədə, intizamı qorumaq şərtilə oyuna köklənib yaxşı hesabla qələbə qazanmaq olar. Bəli, haradasa boşluq versək, acı nəticəsini görə bilərik”.

"Bəs dəyişikliklərdən sonra hazırda millimiz necə görünür” sualını mütəxəssis belə cavablandırdı:

"Bizi futzaldan o qədər salıblar ki, daxildə gedən proseslərin içində olmadığımız üçün nələrin baş verdiyini bilmirik. Kənardan görünən odur ki, 2016-cı ildə Dünya çempionatına vəsiqə qazanandan sonra son vaxtlar bu sistem tənəzzülə uğramaqdadır. Son bir ildə klub səviyyəsində "Araz-Naxçıvan”ın zəif çıxış etməsi də öz təsirini göstərir. Millinin ovaxtki gücünü görmürəm. Düzdür, reytinqdə güclü komandalar sırasındayıq. Amma meydanda o güc görünmür, tükəndikləri hiss olunur. Yanaşmada, futzalın inkişafında dəyişikliklərə ehtiyac var. Yenidən müzakirələr aparılmalı və müəyyən model formalaşdırılmalıdır. Artıq legionerlərin sayı 9-a çatıb. Bu, nə vaxta qədər davam edəcək? Əlbəttə, populyarlıq, azərbaycan futzalını Avropada tanıtmaq üçün yaxşı ideyadır. Bu mənada legionerləri cəlb etmək və nəticə qazanmaq mümkündür. Bəs sonra? Davamı da olmalıdır. Yerli futzalçılar niyə yetişmir? Məsələn, Rizvan Fərzəliyev getdi. Ancaq onların yerinə yetişdirilən futzalçı görmürəm. Bəlkə də var, bilmirik. Futzal üzrə yüksək liqaya baxanda adamın ürəyi ağrıyır. Belə davam edəcəksə, yerli futzalçılardan yaranmış milli komanda görməyəcəyik. Millinin gücü ölkənin yerli liqasının gücündən asılıdır. Rəqabət olmayacaqsa, nə uşaq yetişəcək, nə də yığmamız yaxşı nəticə vermək səviyyəsinə çatacaq. Bunlar hamısı şərtlərdir. Liqalar gücləndirilməlidir. Uşaq liqaları yaradılmalıdır. Hər şey nəticələrə hesablanıb”.

Milliyə dəvət alan legionerlərlə bağlı Əsgərov bunları dedi:

"Bu yanaşma, layihə artıq özünü doğrultmur. Qazaxıstanı götürək, müəyyən zamanlarda legionerlər dəvət etdilər. İndi baxın, bir ya iki futzalçıları gəlmədir. Qalanları yerlilərdir. Bizdəki layihə də, yerli futzalçıların yetişməsi üçün bir təkan olmalı idi. Ancaq heç bir nəticə, məhsul görmədik. Vaxt göstərəcək ki, bu sistem özünü doğrultmur. Klub səviyyəsində də artıq Avropa və dünya arenasında vahiməmiz görünmür. Qazaxıstanda çox gözəl işlər gedir. Orada işləyən tanışlardan biri ilə danışmışam bu yaxınlarda. Deyir ki, təkcə Aktau şəhərində 5 liqa var. Hansı ki, Sumqayıt boyda yerdir. Görün futzala yanaşma, federasiyanın münasibəti hansı səviyyədədir. Müxtəlif yaş qruplarının liqaları, öz çempionatları var. Əlbəttə, bəhrəsini verəcək. Hər bir uşaq komandası turnirlərdə iştirak edir. Bu, futzala kompleks şəkildə göstərilən dəstəkdir. Biz niyə edə bilmirik? Nə çatmır? Futzalçı baxımından potensialımız çox yüksəkdir. Əminliklə deyə bilərəm ki, yaxşı uşaqlar var. Sistemi qurmaq və işə salmaq lazımdır”.

Bir neçə il öncə Sumqayıtda da futzal akademiyası fəaliyyətə başlamışdı. Ancaq sonradan hər hansı inkişaf olmadı. Keçmiş futzalçı bunun səbəbini belə izah etdi:

"Bəli, futzal akademiyası fəaliyyətə başlamışdı. Sonradan pandemiyaya görə qadağalar oldu. Hazırda akademiyanın bərpası məsələsi qüvvədədir. Sadəcə, zal baxımından çətinlik çəkirik. Zallar şəhərdə azdır və bu səbəbdən də doludur. Faktiki fəaliyyət göstərməsə də, bərpa məsələsi aktualdır. Bu yaxınlarda futzal üzrə turnir keçirdik. Yanvarda aşağı yaş qrupları arasında keçirdiyimiz bu turnir çox gözəl oldu. "Neftçi”, "Qəbələ” kimi klubarımız da iştirak etdi. Bunu artıq ənənəyə çevirmək, hər ilin yanvarında keçirmək istəyirik ki, uşaqlar futzalın sirlərini öyrənsin. Cəldliklərini, böyük futbolda qazandıqlarını inkişaf etdirsinlər”.

Futzalda göstərdiyi xidmətlərə baxmayaraq, unudulmasından gileylənən mütəxəssis yerlilərin yetişdirilməsinin vacibliyini vurğuladı:

"Biz o vaxt zalı ağzınacan dolduran nəsil idik. Əfsuslar olsun, bizi futzala yaxın buraxmırlar, nə də veteran olaraq yada düşürük. Nəyisə müzakirə etmək üçün bizdən faydalana bilərlər. Ancaq soyuq yanaşma var. Bu gün minifutbol populyarlaşmağa başlayıb. Sağlam idarəetmələr var. Görürsən ki, inkişaf gedir. Bunu futzalda da həyata keçirmək mümkündür. Əslində vardı, sadəcə, qorumaq və inkişaf etdirmək lazım idi. Ancaq legionerləri topladılar. Avropa və dünya çempionatına vəsiqə qazandılar. Bəli, nəticə əldə etməyimiz yaxşı haldır, bəyənilsin. Bunun davamını, yerlilərin inkişafını da fikirləşmək lazımdır”.

Səbuhi Həsənov