"Rusiyanın “Qazprom” şirkəti İtaliyada “mavi yanacaq” bazarının yarısını itirə bilər". Anspress-in məlumatına görə, bu iddia ilə "RusEnergy" konsaltinq agentliyinin tərəfdaşı Mixail Krutixin çıxış edib.
O, deyib ki, Rusiyanın qaz bazarını itirməsinin əsas səbəbi ötən gün təməli qoyulan TAP qaz boru xəttidir.
Krutixin bildirib ki, Moskva “Qazprom” şirkəti vasitəsi ilə Avropaya siyasi təsir göstərməyə çalışır. “Bu səbəbdən Avropa ölkələri yeni enerji mənbələri axtarırlar. TAP layihəsi isə “Qazprom” şirkətini müəyyən qədər İtaliya bazarında sıxışdıracaq”,- deyə Mixail Krutixin bildirdi.
Bu layihə Avropa və ABŞ-ın tam dəstəyini alır. Ona görə də ötən gün TAP-ın təməlqoyma mərasimi qərbdən olan yüksək vəzifəli rəsmilərin iştirakı ilə keçirilib.
ABŞ Dövlət Departamentinin rəsmi nümayəndəsi Con Kirbi mətbuata açıqlamasında bildirib ki, Vaşinqton Cənub Qaz Dəhlizinin sonuncu həlqəsi olacaq və Azərbaycan təbii qazını Avropanın digər bölgələrinə çatdıracaq TAP-ın tikintisinə başlanılmasını alqışlayır.
Mixail Krutixin açıqlamasından isə görünür ki, Rusiya TAP layihəsinin tikintisindən narahatdır. Neft Araşdırmaları Mərkəzinin rəhbəri İlham Şaban bildirib ki, TAP layihəsi Avropaya qaz nəqlində rəqabət mühiti yaratsa da bu Rusiyanın bazardan çıxması demək deyil: “Çünki “Qazprom” şirkətinin ildə İtaliyaya ixrac etdiyi qazın həcmi 25-30 milyard kubmetr, ümumiyyətlə Avropaya isə 159 miyard kubmetr təşkil edir. Amma Azərbaycandan TAP qaz boru xətti ilə 10 milyard kubmetr qaz göndərilməsi planlaşdırlır. Ümumilikdə, qaz ixracı hava şəraitindən asılı olur. Eyni zamanda 2020-ci ilə qədər Avropada qaz həcmlərinin artması barədə proqnozlar yoxdur. Belə bir halda TAP-ın Avropada hansısa dövlətin payını əlindən ala bilməsi mümkündür. Amma bu böyük bir həcm deyil. Qaza ehtiyac 2025-ci ildə tamamilə dəyişəcək. Çünki bu ildən sonra Avropada qaz istehlakı artacaq. Belə olan halda əlavə qaz həcmlərinə ehtiyac yaranacaq. Amma hələ ki, Rusiya Avropanın qaz bazarında dominantlığını qoruyacaq”.
Mütəxəssis həmçinin qeyd edib ki, Rusiyanın Arktikada və yerin dərin qatlarında külli miqdarda qaz ehtiyatları var. "Həmçinin Barens dənizində Ştokman yatağında 3.7 trliyon kubmetr çıxarıla biləcək qaz ehtiyatı var. Bu ehtiyat “Şahdəniz” yatağından 3 dəfə çoxdur. Amma Moskvanın bunu istismara verməyə texnologiyası yoxdur. Bu texnologiya Avropadadır”,- deyən ekspert bildirib ki, qitə ilə Rusiya arasında soyuq münasibətlər olduğu üçün Moskva bu yataqları istismara verə bilmir.
Qaynarinfo.az