
Rusiyanın Belqorod vilayətinin Starı Oskol şəhərində mayın 13-dən 15-dək keçirilən yeniyetmələr (18 yaşadək) üzrə sərbəst güləş çempionatının son günündə insident baş verib.
Qaynarinfo.az xəbər verir ki, Çeçenistandan olan idmançı məğlubiyyətlə barışmayaraq rəqibinə zərbə vurub və dava başlayıb. Daha sonra Çeçenistan nümayəndə heyətindən bir nəfər güləş döşəyinə çıxaraq tapança çıxarıb. Dərhal təşkilatçılar döyüşü dayandırıb və polis çağrılıb.
Bu barədə Rusiya Güləş İdmanı Federasiyasının prezidenti Mixail Mamiaşvili bunları deyib: "Federasiyanın mövqeyi çox sərt olacaq. Döyüşün təşəbbüskarı ömürlük diskvalifikasiya ilə cəzalana bilər. Onun hərəkəti özünə, idmana, təşkilatçılara və turnirə gələn uşaqlara hörmətsizlikdir". Əslən gürcü olan Mamiaşvili həmçinin onu da qeyd edib ki, lazımi səviyyədə təhlükəsizliyi təmin etməyən müsabiqə əməkdaşları da cəzalandırılacaq.
Rusiya Daxili İşlər Nazirliyinin Belqorod vilayəti üzrə İnformasiya və İctimaiyyətlə Əlaqələr bölməsinin rəisi Aleksey Qonçaruk isə bildirib ki, hazırda bu məsələ ilə bağlı təhqiqat gedir.
Döyüşün baş tutduğu "Arkada" İdman Sarayının direktoru Dmitri Jelkevski isə polisin dalaşan uşaqları tutmamasına aydınlıq gətirib: "Moskva komandasını təmsil edən Çeçenistandan olan idmançı ona qalib gələn dağıstanlı güləşçiyə qarşı idmançıya yaraşmayan hərəkətə yol verdi. İdmanda belə anlar nadir hallarda olmur, ona görə də polis uşaqları tutmadı. İnsidentdən sonra yarış adi rejimdə davam etdiririldi".
Jelkevski həmçinin onu da bildirib ki, tapança çıxaran şəxs çeçen idmançının mühafizəçisidir: "Döşəyə silahla çıxdığı kimi, o insan polisə cavab verməlidir..."
Qaynarinfo.az