
Tarixi şəxsiyyətlərin qorunması üçün hər hansı qanuna ehtiyac varmı? Yoxsa, onları elə tarixin özü qorumalıdır?
Milli Məclisin Mədəniyyət Komitəsinin sədri deputat, deputat Nizami Cəfərov "tarixi şəxsiyyətlərin qorunması” haqqında qanun layihəsinin hazırlanmasının vacib olduğunu bildirib. Onun fikrincə, bu qanun qəbul olunarsa, Azərbaycanın ictimai-siyasi-mədəni həyatında önəmli rolu olmuş şəxslər barədə təhqiredici ifadələr işlədənlər müvafiq məsuliyyət daşıyacaqlar.
Deputat Aqil Abbas da hesab edir ki, tarixi şəxsiyyətləri qorumaq lazımdır. O, ANN.Az portalına açıqlamasında qeyd edib ki, belə bir qanun Türkiyədə də var: "Amma hazırda Türkiyə parlamenti bu qanunu qüvvədən salmağa çalışır. Əslində qüvvədən də salıblar. Fikir versək görərik ki, Türkiyədə artıq əvvəlki illərə nisbətən Mustafa Kamal Atatürk və digər şəxsiyyətlər daha çox tənqid, bəzən təhqir olunurlar. Ümumiyyətlə, tarixi şəxsiyyətləri qorumaq lazımdır. Əgər hər yerindən duran tarixi şəxsiyyətləri söysə, onları tənqid etsə, onda bunun sonu necə olar? Xalqın, millətin həyatında rol oynayan hər bir şəxsiyyət dövlət, qanunlar səviyyəsində qorunub saxlanılmalıdır".
A.Abbas əlavə edib ki, lakin bu məsələ tam qanunlarla tənzimlənən məsələ deyil: "Biz gərək özümüzə, öz tarixi şəxsiyyətlərimizə hörmət edək, onları qoruyaq. Hər halda qanun da bu istiqamətdə bizlərə köməklik etmiş olacaq. Lap qədimi demirəm, müasir tarixi şəxsiyyətlərimiz olan Məmməd Əmin Rəsulzadəyə, Əbülfəz Elçibəyə, Heydər Əliyevə hörmət etmək, onların adlarının qorunub saxlanılması üçün mübarizə aparmalıyıq. İmkan verməməliyik ki, hər yerindən duran bu şəxsiyyətlər haqda nə gəldi danışsın".
Tarixçi professor Cəmil Həsənli isə qeyd edib ki, ilk növbədə millət öz tarixi şəxsiyyətlərini qanunsuz qorumalıdır: "Millət dərk etməlidir ki, bu şəxsiyyətlər onların mənəvi dünyasının təminatçılarıdır. Əgər tarixi şəxsiyyətlərin adına, onların tarixdəki roluna qarşı təhdidlər varsa, bu halda qanuna ehtiyac var. Amma yetkin millətlər bunu qanunsuz edirlər. Mən indi deyə bilmərəm belə bir qanuna bizdə ehtiyac var, ya yox".
Professorun sözlərinə görə, postsovet və kommunist ölkələrinin böyük əksəriyyətində tarixi keçmişə aqressiv yanaşma var: "Bu, xoşagələn hal deyil. Belə getsə, biz bütün tarixi keçmişimizin üstündən xətt çəkəcəyik. Hər halda çalışıb bunu qanunla yox, mənəvi dünyamıza söykənərək həyata keçirməliyik. Əgər bu nəticə verməsə, o zaman qanuna ehtiyac var". //ann.az
Qaynar.info