Bakıda keçirilən "Formula 1" yarışları ərəfəsində şəhərin bəzi küçələrində dəyişiklik edilmişdi.
Yolların kənarı xüsusi beton piltələrlə qapadılmışdı. Həmin piltələr bir az gec də olsa, tamamı ilə yığışdırılıb. Yarışlar zamanı quraşdırılan yerüstü keçidlər də artıq götürülüb. Ən əsas məsələ isə, yarışlar üçün çəkilən asfalt örtüklə bağlı idi.
Belə ki, yarışların keçirilməsi ilə əlaqədar Niyazi və Əziz Əliyev küçələrində (Filarmoniya binasının yanı və “Qoşa Qala” qapısının kənarı) səki daşlarının üzərinə asfalt örtülmüşdü. Bu da çoxlarının etirazı ilə qarşılanmışdı.
Həmin günlərdə Baku City Circuit (BCC) şirkəti açıqlama verərək bildirmişdi ki, yarışlar bitən kimi, yollar əvvəlki vəziyyətə qaytarılacaq: "İçəri Şəhər ətrafından keçən hissədə olan qənbər daşların zərər görməməsinə xüsusi diqqət yetiririk. Niyazi və Əziz Əliyev küçələrindəki qənbər daşlar müvəqqəti olaraq qoruyucu asfalt qatı ilə örtüləcək və yarış başa çatdıqdan sonra bir ay ərzində həmin asfalt örtüyü aradan qaldırılaraq, şəhərin bu tarixi küçələrinin yenidən əvvəlki görüntüsünə qaytarılması təmin olunacaq”.
Lakin musavat.com-un əməkdaşının yarış halqası boyunca apardığı müşahidələr zamanı bəlli olub ki, öncədən söz verilənlər tam yerinə yetirilməyib.
Məsələ burasındadır ki, Filarmoniya binasının yanındakı küçəyə çəkilmiş asfalt qaşınaraq, əvvəlki hala gətirilsə də, “Qoşa Qala” qapısının kənarındakı küçənin asfaltı götürülməyib. Tarixi qənbər daşlar hələ də asfaltın altında qalıb. Yolun kənarındakı metaldan hazırlanmış xüsusi baryerlər də olduğu kimi qalır.
"Tapşırıq gözləyirik"
Məsələ ilə bağlı “Baku Grand Prix” şirkətinin marketinq və kommunikasiya şöbəsinin müdiri Nigar Arpadarai ilə əlaqə saxladıq.
Nigar xanım musavat.com-a açıqlamasında bildirdi ki, onlar tapşırıq gözləyirlər: "Biz öncədən dediyimiz sözün üstündə dayanırıq. Biz qənbər daşlarının üzərinə tariximizə ziyan dəyməməsi üçün xüsusi texnologiya ilə asfalt çəkmişik. Hansı ki, bu yolla daşlara heç bir ziyan dəymir və istənilən zaman asfaltı rahat şəkildə sökə bilirik.
Filarmoniya binasının yanındakı yolu qısa zamanda və rahatca əvvəlki hala gətirmişik. “Qoşa Qala” qapısının kənarındakı küçəyə gəlincə isə, biz oradakı asfaltı da götürməyə hazırıq. Sadəcə, tapşırıq gözləyirik. Gənclər və İdman Nazirliyi gərək bizə tapşırıq versin ki, biz də təşkilatçı olaraq işimizi görək. Hələ ki, heç bir tapşırıq verilməyib. O ki, qaldı "Formula 1" yarışlarından qalan qurğu və mühafizə baryerlərinə, onları da avqust ayının 1-ci həftəsinə qədər tamamilə yığışdıracağıq".
Qaynarinfo.Az









