
Müasir dövrdə hər şeyin müəyyən bir qiyməti var. Elə sənətin də... Son zamanlar "hansısa rəssamın tablosu 100, 200, 300 milyon dollara satıldı" tipli başlıqlara tez-tez rast gəlirik. İçərisində elə rəsm əsərləri var ki, bəlkə də ilk baxışda bunu hamı çəkə bilər də deyirsiniz. Lakin artıq həmin tablolar çəkilib və kifayət qədər də baha qiymətə satılır.
"Qaynarinfo" bütün zamanların ən bahalı 10 tablosunu təqdim edir:
1. Villem de Kuninq: "Interchange" (Mübadilə - red.) - 300 milyon dollar

1997-ci ildə vəfat edən Villem de Kuninq XX əsrin ən tanınmış rəssam və heykəltəraşı, Abstrakt ekspressionizmin liderlərindən biri olub. Onun "Interchange"i bu gün də tarixin ən bahalı tablosu hesab edilir. Rəsm əsəri hazırda Çikaqo İncəsənət İnstitutunda sərgilənir.
2. Pol Sezan: "The card players" (Kart oyunçuları) - 250 milyon dollar

Pol Sezan fransız rəssamı, postimpressionizm cərəyanının yaradıcısı və görkəmli nümayəndəsidir. Belə demək mümkündürsə, o, impressionizm ilə kubizm arasında körpü rolunu oynayıb. O, öz əsərlərində dizayn, rəng, ton və kompozisiya ustalığı nümayiş etdirib. Sezanın əsərlərində rəng üslubu təkrarolunmazdır. Rəssamın 1895-ci ildə çəkdiyi tablo Qətər dövləti tərəfindən alınıb. Əsər hazırda Parisdəki "Musee d'Orsay"da sərgiyə qoyulub.
3. Pol Qogen: "Nafea Faa Ipoipo" - 210 milyon dollar

Pol Qogen fransız boyakar, postimpressionizm və primitivizm cərəyanının nümayəndəsidir. Onun da dünyaca məşhur rəsm əsəri Qətərin kral ailəsinə məxsusdur.
4. Cekson Pollok: "Number 17A" (Nömrə 17A) - 200 milyon dollar

tanınmış amerikan rəssamı və abstrakt ekspressionizm cərəyanının ən görkəmli nümayəndəsi olan Pollok özünəməxsus drip-peyntinq rəssamlıq üslubu ilə məşhurdur. O, həyatı boyu şöhrətə və mənfi reputasiyaya sahib olmaqla öz dövrünün əsas rəssamlarından biri olub. Özünə qapanıq və dəyişkən şəxsiyyətə malik olan rəssam ömrünün çox hissəsini alkoqolizmdən əziyyət çəkib və 1956-cı ildə içkili vəziyyətdə idarə etdiyi avtomobillə qəzaya düşərək, 44 yaşında vəfat edib. Rəssamın sözügedən tablosu 2015-ci ildə ABŞ-ın tanınmış biznesmeni Devid Qeffen tərəfindən alınıb.
5. Mark Rotko: "No.6" - 186 milyon dollar

Mark Rotko tanınmış amerikan rəssamı və abstrakt ekspressionizm cərəyanının görkəmli nümayəndəsidir. Onun "No.6" adlı rəsm əsərini Dmitri Ribolovlev alıb.
6. Rembrandt: "Pendant portraits of Maerten Soolmans and Oopjen Coppit" (Soolmans və Koppitin ayaqüstə portretləri - red.)- 180 milyon dollar

Rembrandt Harmens van Reyn məşhur holland rəssamı və qrafiki, dünya incəsənətinin ən görkəmli nümayəndələrindən biridir. Adı tarixdə 100 ən çox öyrənilmiş şəxsiyyətlər siyahısına daxil edilib. Rəssamın sözügedən tablosu Hollandiyanın ən tanınmış iki rəssamı Louvr və Rijkmuseumun ortaq maliyyəsi hesabına alınıb.
7. Pablo Pikasso: "Les Femmes d'Alger" (Əl-Cəzairli qadınlar - red.) - 179 milyon dollar

Pablo Pikasso ispan rəssamı, heykəltəraşı, qrafiki, keramisti və dizayneri, XX əsr incəsənətinin ən tanınmış şəxsiyyətlərindən biridir. Jorj Brakla birlikdə üçsəthli cismin orijinal tərzdə bir yerdə yerləşdirilmiş səthlər sırası kimi təsvir edildiyi kubizm cərəyanının banisidir.
Pikasso uşaqlığından gəncliyinədək realistik tərzdə rəsmlər çəkməklə əsrarəngiz incəsənət bacarığı nümayiş etdirib. XX əsrin ilk onilliyində yeni mülahizələri, texnikaları və düşüncələri ilə təcrübə apardığından onun incəsənətdə istiqaməti dəyişib. Pikassonun yaradıcılıq bacarığı özünü rəssamlıq, heykəltəraşlıq və dizaynla yanaşı, digər çoxsaylı təsviri və tətbiqi-incəsənət sahələrində də göstərir. Adı tarixdə 100 ən çox öyrənilmiş şəxsiyyətlər siyahısına daxil edilib. Belə ki, o həmin siyahıda Xristian dininin banisi İsanı belə qabaqlaya bilib. Rəssamın bu tablosu 2015-ci ildə Qətər kral ailəsi tərəfindən alınıb.
8. Cekson Pollok: "No. 5" - 140 milyon dollar

Cekson Polloka aid daha bir əsər də tarixin ən bahalı 10 tablosu sırasındadır. Sözügedən tablo meksikalı biznesmen Devid Martinez tərəfindən alınıb.
9. Amedeo Klemento Madiqliani: "Masterpiece" - 165 milyon dollar

Amedeo Madiqliani yəhudi əsilli italyan rəssam və heykəltəraşıdır. Rəssamın sözügedən rəsm əsəri amerikalı biznesmen Steven Cohenə məxsusdur.
10. Qustav Klimt: "Portrait of Adele Bloch-Bauer" - 135 milyon dollar

Avstriyalı rəssam Qustav Klimtə məxsus olan bu əl işi 1907-ci ildə vyanalı bir bankirin həyat yoldaşı üçün çəkilib. Nasistlərin əl qoyduğu rəsm əsəri II Dünya Müharibəsindən sonra Avstriyaya geri qaytarılıb. Tablo hazırda Nyu-Yorkda sərgilənir.
Çingiz
Qaynarinfo.Az