Dünyanın ən böyük kriptovalyuta birjalarından biri olan "Bybit" hakerlər tərəfindən hücuma məruz qalıb. Oğurlanan məbləğ rekord səviyyədədir - tam 1,5 milyard dollar.
Qaynarinfo-nun məlumatına görə, "Bybit"in həmtəsisçisi və baş icraçı direktoru Ben Çjou bildirib ki, kibercinayətkarlar platformanın ETH (Ethereum) cüzdanına nəzarəti ələ keçirərək bütün vəsaitləri naməlum bir kripto cüzdana köçürüblər.
"Bybit"in aktivlərinə nəzər saldıqda, bu məbləğin 1,5 milyard dollara bərabər olduğu görünür və bu səbəbdən hadisə indiyə qədər qeydə alınmış ən böyük kriptovalyuta oğurluğu kimi tarixə düşüb. Lakin məbləğin böyüklüyü elədir ki, hakerlər bu vəsaiti dərhal nağdlaşdırmaqda çətinlik çəkə bilər, çünki bu qədər böyük miqdarda ETH-nin bazara çıxarılması kriptovalyutanın dəyərinin kəskin düşməsinə səbəb ola bilər.
Digər diqqətçəkən məqam isə odur ki, "Bybit"də baş verən 1,5 milyard dollarlıq oğurluq, "Chainalysis"in ötən il dərc etdiyi hesabatda qeyd olunan 2024-cü ildə ümumilikdə oğurlanan kriptovalyuta məbləğinin yarısından çoxuna bərabərdir. Həmin hesabatda 2024-cü il ərzində kripto platformalarından 2,2 milyard dolların oğurlandığı bildirilirdi.
Ben Çjou oğurlanan vəsaitlərin geri qaytarılacağına ümid etdiyini vurğulayaraq, "Bybit"in itkiləri qarşılamaq gücündə olduğunu və müştərilərin vəsaitlərinin tam şəkildə geri ödənəcəyini vəd edib. O, açıqlamasında deyib:
"Bybit bu hücum nəticəsində yaranan itkiləri tam şəkildə ödəyə bilməsə də, kifayət qədər maliyyə gücünə sahibdir. Müştərilərimizin bütün aktivləri 1:1 nisbətində təminat altındadır. İtkini qarşılaya biləcəyik".
Lakin Çjounun bu açıqlaması, platforma istifadəçilərinin kriptovalyutalarını çıxarmağa başlamasının qarşısını ala bilməyib. "GovInfoSecurity"yə görə, təkcə şənbə gecəsi platformadan 5,3 milyard dollar dəyərində vəsait çıxarılıb. Bununla belə, "Bybit"in ümumilikdə 20 milyard dollarlıq kripto aktivə sahib olduğu bildirilir.
Şirkətin baş icraçı direktoru Ben Çjou oğurluq nəticəsində yaranan açığın "kreditlər, iri həcmli depozitlər və ETH alımları” ilə bağlandığını qeyd edib. Lakin oğurlanan 1,5 milyard dollarlıq kriptovalyutanın geri qaytarılıb-qaytarılmayacağı hələ də sual altındadır. "Bybit" oğurlanan vəsaitlərin geri qaytarılması üçün 10% və ya 140 milyon dollara qədər mükafat təklif edən bir təşəbbüsə start verib.
Şirkət açıqlamasında bildirib:
"Dünyanın ən böyük ikinci kriptovalyuta birjası olan "Bybit" kiber təhlükəsizlik və kripto analitikası sahəsində ən bacarıqlı mütəxəssisləri, tarixin ən böyük kripto oğurluğunun arxasında duran cinayətkarları tapmaq üçün qlobal axtarışa qoşulmağa dəvət edir".
Aydın
Şərhlər