Bu gün Təbrizin "Traktor Sazi" komandası Asiya Çempionlar Liqasında öz meydanında Özbəkistanın "Paxtakor" komandasını qəbul edib.
Oyun zamanı "Traktor Sazi"nin azarkeşləri, milli-mədəni fəallar Qarabağın azadlığı uğrunda dəfələrlə "Qarabağ bizimdir, bizim olacaq" şüarlarını səsləndiriblər. Sosial şəbəkələrdə yayılan xəbərlərə görə, aktiv olan bir neçə milli-mədəni fəal, o cümlədən Höccətul-İslam Əzimi Qədim İranın təhlükəsizlik qüvvələri tərəfindən saxlanılıb.
Oyun zamanı stadionda 40 mindən çox azarkeş iştirak edib. Onların arasında millət vəkilləri, tanınmış simaların da olduğu bildirilir. Oyun 2:0 "Traktor Sazi" komandasının xeyrinə bitib.
Təbrizdən Musavat.com-un əməkdaşına verilən məlumata görə, qələbədən doğan yüksək əhval-ruhiyyə ilə stadionu tərk edən güneyli qardaşlarımız Azərbaycanın quzeyinə coşqulu dəstək göndərməyi də unutmayıblar. Belə ki, 10 minlərlə insan “Qarabağ bizimdir, bizim olacaq!” hayqıraraq Ermənistanın işğalçılıq siyasətinə etiraz ediblər və bununla da Qarabağdakı son savaşda da Azərbaycanın yanında olduqlarını nümayiş etdiriblər. "Qarabağ" çağırışları Təbrizin küçə və prospektlərində saatlarla eşidilib. İran hakimiyyətinin hər hansı müdaxiləsi qeydə alınmayıb. Yeri gəlmişkən, güneyli soydaşımız azarkeşlərin "Qarabağ" çağırışları ilə əlaqədar videokadrları da göndərib.
Qanımızı coşduran möhtəşəm kadrları sizə təqdim edirik: