Xəbər lenti

Tədris müddətini artırmaq nəyi dəyişəcək? - Ekspert
Ölkə13:59 28.07.2022

Tədris müddətini artırmaq nəyi dəyişəcək? - Ekspert

Google alqoritminə buraxmayın, xəbəri özünüz seçin!Xəbəri Google yox, siz seçin!Əlavə et
"Tədris müddətini iki həftə artırmaq üçün dərsləri sentyabrın 1-də başlatmaq olar. Yəni, olmasın 36, olsun 38 həftə. Bunu indiki deyil, qarşıdakı illərdə tətbiq etmək olar”.
Bu sözləri Qaynarinfo-ya açıqlamasında təhsil eksperti Elçin Əfəndi dərs həftələrinin artırılması ilə bağlı təklifə münasibət bildirərkən deyib. Onun sözlərinə görə, təhsil həftələrinin azalıb-artırılması məsələsində vacib olan məqam təhsilin keyfiyyətinin yaxşı olmasıdır:
"Biz bunu müzakirə etməliyik. Nəinki 36 həftə, hətta 30 həftədə belə şagirdlərə müvafiq bilik və bacarıqlar aşılana bilər. Yəni, biz təhsilin keyfiyyətinin artırılmasını özümüz üçün məqsəd hesab ediriksə, 45-50 həftə nəzərdə tuturuqsa, bu o demək deyil ki, mütləq təhsilin keyfiyyətini artırmağa nail olacağıq. Gəlin baxaq, hazırda yay məktəbləri təşkil olunur, bunlar təhsilin keyfiyyətinə təsir edirmi? Ciddi mənada bu keyfiyyəti görmürəm. Bizim üçün əsas məqsəd keyfiyyət göstəricisini artırmaq, dərs vəsaitlərini yaxşılaşdırmaq, keyfiyyətli dərs vəsaitləri hazırlamaq, hər bir şagird üçün təhsilin əlçatanlığını təmin etmək və s. olmalıdır. Məsələn, Cənubi Koreya, Sinqapur, Finlandiya, Yaponiya və başqa ölkələrdəki kimi. Yaponiya ilə bizim tədris ilinin arasında iki həftə fərq var. Onlar bütün il ərzində təhsillə məşğul olurlar. İki həftə qalır ki, onu da bizim dövrlə hesablayanda Novruz bayramından aprel ayının 10-na kimi olan bir dövrü əhatə edir. Amma Yaponiyanın inkişafı göz qabağındadır”.
ARAYIŞ
Elm və təhsil naziri Emin Əmrullayev bildirib ki, Azərbaycana nümunə göstərilən ölkələrdə tədrisin müddəti, təxminən, 42-44 həftədir: 
"Təhsilin keyfiyyətinə təsir edən əsas amil tədris günlərinin sayıdır. Bizim cəmiyyətimiz isə hələlik tədris günlərinin sayının artırılmasına ürəklə yanaşmır. nümunə göstərilən ölkələrdə tədrisin müddəti, təxminən, 42-44 həftədir. Azərbaycanda isə bu 36 həftədir və orta müddət sayılır. Təhsil işçisi olaraq hesab edirəm ki, müddətin artırılması yaxşı olardı. Lakin cəmiyyətimiz müddətin uzadılmasına ağrılı məsələ kimi baxır. Tədris müddətinin iyunun 14-dək uzadılması ilə bağlı islahatımız bu günə kimi də qınanılır. Bunun insan sağlamlığına vura biləcəyi zərərlələ bağlı ciddi miflər mövcuddur. Bu günədək oxumaqdan kiməsə ciddi ziyan dəyməyib. Bu narahatlıqların elmi əsası yoxdur. Uşaq nə qədər təhsillə çox məşğul olsa gələcəyi daha yaxşı olar. Təbii ki, oxumaq da qədərində olmalıdır. Şagirdlər oxumağa həmişəkindən 2 saat əlavə vaxt ayırsalar kifayətdir. Uşaq çox dincələrsə böyüyəndə ciddi problemləri ola bilər. Uşaqları oxumağa həvəsləndirməyə və cəmiyyət də tədris müddətinin uzadılmasına dəstək olmağa dəvət edirəm”.
Elm və Təhsil Nazirliyinin İctimaiyyətlə əlaqələr sektorunun müdiri Cəsarət Valehov da Azərbaycanda dərs həftələrinin sayının artırılması ilə bağlı açıqlama verib: "Hazırda Azərbaycanda təhsil həftələrinin sayı 36-dır. Dünyanın inkişaf etmiş ölkələrində - Cənubi Koreya, Sinqapur və Finlandiyada təhsil həfətələrinin sayı 40, 41, 43 və 44 həftədir. Azərbaycan bu göstərici ilə nə aşağı, nə də yuxarı həddədir".
Bahar Rüstəmli