"Gələcəkdə təhsil tələbə kreditlərinin verilməsi zamanı ixtisaslar üzrə diferensial yanaşma tətbiq edilə bilər".
Modern.az xəbər verir ki, bu sözləri Təhsil Tələbə Krediti Fondunun (TTKF) İdarə Heyətinin sədri Bəhruz Əzimov AzEdu.az-a müsahibəsi zamanı qeyd edib.
Fond rəhbəri qeyd edib ki, təhsil kreditlərinə maraq ildən-ilə artır:
"Vətəndaşlar artıq təhsil kreditlərinin üstünlüklərini daha yaxşı anlayır və bu da müraciətlərin sayında özünü göstərir. Kreditlərə müraciət və rəsmiləşmədə artan dinamikanı hiss edirik. Vətəndaşlar başa düşürlər ki, öz vəsaiti hesabına təhsil haqqını ödəməkdənsə, təhsil kreditindən istifadə edib vəsaitlərini digər istiqamətlərə yönəldə bilərlər”.
B.Əzimovun sözlərinə görə, mövcud təhsil kreditlərinin şərtləri digər maliyyə alətləri ilə müqayisədə daha əlverişlidir:
"Əgər standart təhsil kreditlərini ipoteka kreditləri ilə müqayisə etsək, faiz dərəcəsi 6 faiz təşkil edir. Həm faiz dərəcələrinə, həm də geriödəmə müddətinin uzunluğuna baxdıqda kifayət qədər uyğun şərtlərin olduğunu görürük”.
Fondun sədri hazırda bütün ixtisaslar üzrə kredit verildiyini vurğulayıb. O bildirib ki, gələcəkdə müəyyən ixtisaslar üzrə fərqli yanaşmalar tətbiq oluna bilər:
"Hazırda təhsil tələbə kreditləri üzrə hər hansı ixtisas istiqaməti üçün kredit məbləğinə limit tətbiq edilmir və kreditlər bütün ixtisaslar üzrə təhsil haqqının məbləğinə uyğun olaraq təqdim edilir. Bununla belə, gələcəkdə bu məsələyə yenidən baxılması istisna edilmir. Diferensial yanaşmanın tətbiqi halında əmək bazarında daha çox tələbat olan ixtisas istiqamətləri üzrə fərqli yanaşmaların nəzərdə tutulması mümkün ola bilər.”
Bununla belə, Bəhruz Əzimov hazırkı mərhələdə təhsil kreditlərinin şərtlərinin dəyişdirilməsinin gündəmdə olmadığını bildirib:
"Təhsil tələbə kreditləri gənclərin təhsilə çıxış imkanlarının genişləndirilməsinə xidmət edən mühüm sosial dəstək mexanizmi olduğundan, dövlət bu sistemin əlçatanlığının və davamlılığının qorunmasına xüsusi önəm verir. Təhsil tələbə kreditlərinin bütün ixtisaslar üzrə təqdim olunması davam etdirilir və bu istiqamətdə hər hansı dəyişiklik indiki halda nəzərdə tutulmur".
Şərhlər