
“Mənim tələbəyə qarşı istənilən basqıya münasibətim mənfidir. Amma gəlin hər birimiz qarşımızdakına da özümüz qədər hörmət qoymağa çalışaq. Sözügedən tələbə hesab edir ki, o nə istəsə edə bilər”.
Bu sözləri Lent.az-a açıqlamasında Bakı Dövlət Universitetinin Tələbə Həmkarlar Təşkilatının sədri Daşqın Qənbərov deyib. O, bu gün BDU-da çəkilmiş və bir tələbənin döyüldüyü görülən videogörüntüdə özünün də iştirakı ilə bağlı münasibət bildirib.
D.Qənbərov deyib ki, videoda görünən tələbə hesab edir ki, kimi istəsə təhqir edə bilər: “Sözügedən tələbə hesab edir ki, o nə istəsə edə bilər. O, universitetin əməkdaşlarını idmançı olmağı ilə hədələyib, onları dava etməyə dəvət edirdi. Biz isə təmkin nümayiş etdirib, onu otağa dəvət etdik. O isə öz iç üzünü açıb göstərdi. Şou yaratdı. Mühafizə xidməti əməkdaşına xəsarət yetirdi”.
BDU rəsmisi hesab edir ki, hüquq-mühafizə orqanları bu məsələ hərtərəfli və ciddi araşdırmalıdır.
Qeyd edək ki, bu gün BDU-nun rektoru Abel Məhərrəmov universitetin narazı tələbələri ilə görüş keçirib. Görüşdən sonra sözügedən qalmaqal baş verib.
Qaynar.info