Xəbər lenti

Telefonunuz düşündüyünüzdən daha çirkli ola bilər (ARAŞDIRMA)
Texnologiya 21:28 16.07.2026

Telefonunuz düşündüyünüzdən daha çirkli ola bilər (ARAŞDIRMA)

Mobil telefonlar gün ərzində müxtəlif səthlərlə təmasda olur. Bir çox insan isə onları tualetə də özü ilə aparır. Beş telefon üzərində aparılan kiçik təcrübə nəticəsində məlum olub ki, tualetdən sonra bəzi cihazlarda bakteriyaların sayı iki dəfə, bir telefonda isə 65 dəfə artıb.

Qaynarinfo xəbər verir ki, mütəxəssislər deyir ki, əsas təhlükə yalnız bakteriyaların çoxalması deyil. Telefon gün ərzində əllər, üz və qidalar arasında mikrobların daşınmasına səbəb olan əsas vasitələrdən birinə çevrilə bilər.

Tualetin suyu çəkilərkən qabın içindəki su yalnız aşağı istiqamətdə hərəkət etmir. Gözlə görünməyən xırda su damcıları və hissəciklər havaya yayılır. Araşdırmalara görə, "tualet buludu" adlandırılan bu hissəciklər bir neçə saniyə ərzində təxminən 1,5 metr hündürlüyə qalxa bilir. Nəticədə onlar unitazın qapağına, sifona, əlüzyuyanına, döşəməyə və yaxınlıqdakı əşyalara çökür.

Telefonun mütləq unitazın yanında olması şərt deyil. O, əlüzyuyanının kənarında, pəncərə önündə və ya döşəmədə qaldıqda da həmin hissəciklərlə təmas edə bilər.

Təcrübə zamanı beş könüllünün telefonlarından əvvəl adi istifadə şəraitində, daha sonra isə telefonlarını tualetə apardıqdan sonra nümunələr götürülüb. Cihazların tualetin qapısı, sifon, kran və əlüzyuyan kimi səthlərlə təmas etməsinə icazə verilib.

Ən diqqətçəkən nəticələrdən birində telefondakı bakteriyaların sayı 14 mindən 910 minə yüksəlib. Bu isə bakteriya yükünün təxminən 65 dəfə artması deməkdir. Başqa bir telefonda isə bakteriyaların sayı 2 700-dən 12 minə çatıb. Digər cihazlarda artım daha az olub.

Mütəxəssislər vurğulayırlar ki, bu təcrübə cəmi beş nəfəri əhatə etdiyi üçün bütün cəmiyyəti təmsil edən elmi araşdırma hesab edilə bilməz. Lakin nəticələr telefonların ətraf mühitdəki səthlərdən bakteriyaları nə qədər asan topladığını aydın şəkildə göstərir.

Araşdırma zamanı telefonlarda ən çox stafilikok və mikrokokk qrupuna aid bakteriyalar aşkarlanıb. Bunların bir çox növü insan dərisində təbii şəkildə mövcuddur və sağlam insanlar üçün təhlükəli hesab edilmir. Bununla belə, bəzi bakteriyalar açıq yaralara, gözlərə və ya tibbi cihazlara düşdükdə infeksiyaya səbəb ola bilər. Xüsusilə immun sistemi zəif olan şəxslər, yaşlılar, xəstələr və yeni əməliyyat keçirmiş insanlar üçün risk daha yüksəkdir.

Mütəxəssislərin sözlərinə görə, telefonların ən böyük risk yaratdığı yerlərdən biri də mətbəxdir. Yemək hazırlayarkən resept oxumaq və ya mesaj yazmaq üçün telefondan istifadə edilməsi bakteriyaların qidalara keçməsinə şərait yarada bilər. Buna görə də yemək hazırlanarkən telefondan istifadə ediləcəksə, əvvəlcə cihazın təmizlənməsi tövsiyə olunur.

Ekspertlər bildirirlər ki, telefonu hər gün dezinfeksiya etmək əksər insanlar üçün zəruri deyil. Lakin cihaz tualetdə istifadə olunubsa, çirkli səthə düşübsə, yemək hazırlanarkən istifadə edilibsə, başqaları ilə paylaşılıbsa və ya evdə xəstə varsa, onun təmizlənməsi məqsədəuyğundur.

Onların fikrincə, ən effektiv üsul telefonun ümumiyyətlə çirklənməsinin qarşısını almaqdır. Bunun üçün telefonu tualetə aparmamaq, hamamın döşəməsinə və ya əlüzyuyanının kənarına qoymamaq, yemək hazırlayarkən istifadə etməmək və ictimai yerlərdə birbaşa ortaq səthlərin üzərinə yerləşdirməmək tövsiyə edilir. Bundan əlavə, tualetin qapağı varsa, sifonu çəkməzdən əvvəl onu bağlamaq, əlləri ən azı 20 saniyə sabunla yumaq və sonra yenidən çirkli telefona toxunmamaq da vacib hesab olunur.
 
Günay

Sorğu

Azərbaycanda 16 yaşa qədər uşaqların sosial şəbəkələrdən qorunması təklifinə münasibətiniz necədir?
--> -->