Bakınun Sabunçu rayonu, Bakıxanov qəsəbəsi, Bəşir Bünyatov küçəsi, 14
ünvanında yerləşən "Tibb Texnikasının Təmiri Zavodu” ASC özəlləşdirilib.
"Report" bu barədə İqtisadiyyat Nazirliyi yanında Əmlak Məsələləri
Dövlət Xidmətinə istinadən xəbər verir.
Bu il iyunun 25-də sözügedən səhmdar cəmiyyətinin nizamnamə kapitalının
99,73%-ni təşkil edən 922 528 səhmin satışı üzrə investisiya müsabiqəsi elan
edilib. Aidiyyəti dövlət qurumlarının nümayəndələrinin təmsil olunduğu Müsabiqə
Komissiyası potensial iddiaçılar qarşısında qoyulan maliyyə, iqtisadi,
investisiya və sosial şərtləri müəyyənləşdirib.
Əsas şərtlər müəssisəyə investisiya qoyuluşu, iş yerlərinin bərpası və
yeni iş yerlərinin açılması, istehsalda müasir texnologiyaların tətbiqidir.
Avqustun 18-də Komissiya iddiaçıların təkliflərinə baxıb. Komissiya üzvləri
arasında açıq səsvermə yolu ilə fiziki şəxs Vəliyev Ədalət Cavanşir oğlu "Tibb
Texnikasının Təmiri Zavodu”nun səhmlərinin satışı üzrə investisiya müsabiqəsinin
qalibi elan edilib.
Müsabiqə qalibi sentyabrın 15-də imzalanmış alqı-satqı müqaviləsinin şərtlərinə
uyğun olaraq dövlət büdcəsinə 1 milyon manat köçürəcək. Qalib investor ümumi məbləği
2,566 milyon manat təşkil edən İnvestisiya Proqramının icrası, müəssisənin dövlət
büdcəsinə, Əmək və Əhalinin Sosial Müdafiəsi Nazirliyi yanında Dövlət Sosial
Müdafiə Fonduna olan, eləcə də əmək haqqı və ona bərabər tutulan borclarının ödənilməsini,
sosial-iqtisadi öhdəliklərin yerinə yetirilməsini üzərinə götürür.
İnvestisiya Proqramına əsasən müəssisədə hazırkı COVİD-19
pandemiyasının davam etdiyi dövrdə aktuallığı ilə xüsusilə seçilən layihənin icrası,
yəni müxtəlif tutumlu balonlarda oksigen istehsalının genişləndirilməsi
planlaşdırılır. Bunun üçün oksigen istehsalı avadanlıqlarının, oksigen
qurğusunun və onun soyutma sisteminin yeniləşdirilməsi, xüsusi su hövzəsinin
inşası, o cümlədən qaz balonlarının alınması, mövcud avadanlıq və texnikaların əsaslı
təmiri, inzibati binanın, sexlərin və digər tikililərin bərpası, infrastruktur
təminatının yaxşılaşdırılması, abadlıq işlərinin görülməsi nəzərdə tutulur.
Müsabiqə qalibi investisiyaların 2 il ərzində
yatırılmasını, 20-dən artıq yeni iş yerinin yaradılmasını planlaşdırır.
Zavod atmosferdən sənaye üsulu ilə alınan qazların
istehsalı ilə yanaşı, müxtəlif tibbi avadanlıqların və texnikaların təmiri sahəsində
fəaliyyət göstərəcək.
Şərhlər