Milli Şuranın üzvü Tofiq Yaqublu və onunla birlikdə ittiham olunan jurnalist Elnur Məmmədovun cinayət işləri üzrə məhkəmə prosesi yekunlaşıb.
"Report" un məlumatına görə, Bakı Ağır Cinayətlər Məhkəməsində hakim Elnur Nuriyevin sədrliyi ilə keçirilən prosesdə hökm oxunub.
Hökmə əsasən, Tofiq Yaqublu 9 il, Elnur Məmmədov isə 8 il müddətə azadlıqdan məhrum edilib.
Xatırladaq ki, ötən prosesdə dövlət ittihamçısı Tofiq Yaqublunun 10 il, Elnur Məmmədovun isə 9 il müddətinə azadlıqdan məhrum edilməsini istəmişdi.
Qeyd edək ki, T.Yaqublu və E.Məmmədov Cinayət Məcəlləsinin 178.3.2-ci (Dələduzluq - külli miqdarda ziyan vurmaqla törədildikdə), 320-ci (Rəsmi sənədləri, dövlət təltiflərini, möhürləri, ştampları, blankları saxtalaşdırma, qanunsuz hazırlama, satma və ya saxta sənədlərdən istifadə etmə), 320.1-ci (Hüquq verən və ya vəzifədən azad edən vəsiqəni və ya digər rəsmi sənədi istifadə etmək məqsədi ilə saxtalaşdırma və ya qanunsuz hazırlama, yaxud bu cür sənədi satma, habelə eyni məqsədlə Azərbaycan Respublikasının saxta dövlət təltifini, ştampı, möhürü, blankı hazırlama və ya satma) və 320.2-ci (Bu məcəllənin 320.1-ci maddəsində göstərilmiş bilə-bilə saxta sənədlərdən istifadə etmə) maddələri ilə ittiham edilirlər.
Şərhlər