Dünya 14:46 05.10.2022

Tokayevin Qazaxıstan prezidentliyinə namizədliyi irəli sürüldü

Qazaxıstan Milli Könüllülər Şəbəkəsi Astanada keçirilən iclasda hazırkı dövlət başçısı Kasım-Comart Tokayevin prezidentliyə namizədliyini irəli sürüb. 

Qaynarinfo xəbər verir ki, bu barədə "Kazinform” məlumat yayıb.

"İnanırıq ki, Kasım-Comart Tokayevin təklif etdiyi islahatlar paketi bizi də narahat edən bir çox sahələri əhatə edir. Ona görə də biz onun namizədliyini irəli sürmək qərarına gəldik”, deyə oktyabrın 4-də gənclər birliyinin rəhbəri Oljas Süleymenov bildirib.
 


Qazaxıstanda növbədənkənar prezident seçkiləri noyabrın 20-də keçiriləcək.

"Qazaxıstanda oliqarx kapitalizm dövrü başa çatır, ölkə vətəndaşları qarşısında sosial məsuliyyət dövrü gəlir. Vətəndaşlarımıza ölkə iqtisadiyyatında aparıcı mövqe tutan səmərəli və sosial məsuliyyətli biznes lazımdır”, deyə Tokayev oktyabrın 5-də Karaqanda vilayətində çıxışı zamanı bildirib.

Ölkə başçısı qeyd edib ki, Qazaxıstan "bütün sivil dünyada ümumi qəbul edilmiş” ədalətli iqtisadi əməkdaşlıq prinsiplərinə əməl etməlidir.

Xatırladaq ki, bu il sentyabrın 1-də Kasım-Comart Tokayev Qazaxıstanda yenilənmiş iqtisadi kurs elan edib, onun prioritetləri iqtisadiyyata dövlət müdaxiləsini azaltmaq və biznesi dəstəkləmək olacaq. Sentyabrın 17-də o, Konstitusiyaya dəyişiklikləri, xüsusən də respublika prezidentinin öz vəzifəsinə yalnız bir dəfə yeddi illik müddətə seçilə biləcəyini təklifini təsdiqləyib.

Nizami Bağırov