Xəbər lenti

Topçubaşov adına xəstəxanada nə baş verir?
Ölkə13:34 02.07.2013

Topçubaşov adına xəstəxanada nə baş verir?

Google alqoritminə buraxmayın, xəbəri özünüz seçin!Xəbəri Google yox, siz seçin!Əlavə et

Ağdam qaçqını, hazırda Bənövşələr qəsəbəsində məskunlaşan Məmmədova Yeganə rastlaşdığı qanunsuzluq və qeyri-insani rəftardan şikayətlənib.

Şikayətçi bildirir ki, Topçubaşov adına xəstəxananın baş həkimi Yusif Əliyev «Heydər Əliyev Fondu»nun xətti ilə xəstəxanaya əməliyyata yönləndirilən 3 yaşlı qızları Məmmədova Gülay Əlixan qızının əməliyyatı üçün onlardan rüşvət tələb edir. Baş həkim əks-təqdirdə uşağı əməliyyat etməyəcəklərini bildirib.

Məcburi qaçqın və çarəsiz ana Yeganə Məmmədova PİA.AZ-a müraciətində bildirir ki, 3 yaşlı qızı Gülay Məmmədova ürək çatışmamazlığından əziyyət çəkir və təcili əməliyyat olunmazsa, qızcığaz öləcək. Kasıb ailə uşaqlarını əməliyyat etdirmək üçün vəsait tapa bilmədiyinə görə, «Heydər Əliyev Fondu»na müraciət edib. Fond onları Topçubaşov adına xəstəxanaya göndərib. Xəstəxanada öncə uşağı müayinə edib analizlərdən keçiriblər. Məlum olub ki, uşaq bir neçə günün içində əməliyyat olunmazsa, həyatını itirəcək. Bütün müsibət də elə bundan sonra başlayıb.

Şikayətçi bildirir ki, Topçubaşov adına xəstəxananın baş həkimi Yusif Əliyev bildirib ki, mən pulsuz heç bir cərrahı çağırıb deyə bilmərəm ki, bu uşağı əməliyyat edin. Əməliyyat pulu həkimə ödənilməlidir və ancaq bundan sonra uşağı əməliyyat edə bilərlər. 3 yaşlı qızın «Heydər Əliyev Fondu» vasitəsi ilə xəstəxanaya gətirildiyi baş həkimin diqqətinə çatdırıldıqda isə baş həkim buna etinasız yanaşıb.

 Daha sonra isə uşağın valideynlərinin şikayətçi olduqlarını görən baş həkim başqa bir bəhanə gətirib. Bildirib ki, əməliyyatı keçirmək üçün Topçubaşov adına xəstəxana qan köçürən həkim yoxdur. Daha doğrusu, Leyla Məhərrəmova adlı bu həkim hazırda xəstəxanada deyil və baş həkim onu tapa bilmir. Ona görə də uşağın valideynlərindən tələb olunub ki, Neftçilər Xəstəxanasında qan köçürən həkim gətirsinlər. Baş həkimə qan köçürən həkimin gətiriləməsi üçün ailəninin vəsaiti olmadığı bildiriləndə isə Yusif Əliyev bildirib ki, bu, onun probemi deyil. Uşaqlarının sağalmasını istəyirlərsə, pul tapıb həkimləri razı salmalıdırlar.

Gülay Məmmədovanın çarəsiz anası bildirir ki, əgər uşaq sabah uşaq əməliyyat olunmazsa, ölə bilər. Lakin bu Topçubaşov adına xəstəxananın baş həkiminin vecinə belə deyil. Baş həkimi düşündürən tək şey puldur. Yeganə Məmmədova bildirir ki, o, baş verənlərlə bağlı bir daha «Heydər Əliyev Fondu»na müraciət edəcək. Amma qorxur ki, o zamana qədər gec ola və uşağı baş həkimin tamahkarlığı və öz borcunu yerinə yetirmək istəməməsi nəticəsində tələf ola. Ona görə də çarəsiz ana vəziyyətdən çıxış yolunu mətbuata müraciət etməkdə görür.

 Qarşı tərəfin mövqeyini dərc etməyə hazırıq…/pia.az/