Milli Məclisin deputatı Siyavuş Novruzovun "Kənd təsərrüfatı təyinatlı torpaqların konsolidasiyası üçün hüquqi bazanın yaradılması haqqında" qanun layihəsinin müzakirəsi zamanı səsləndirdiyi fikirlər ictimai müzakirələrə səbəb olub.
Deputat torpaqların birləşdirilməsinin tərəfdarı olduğunu bildirərək qeyd edib ki, bunun ərzaq bolluğunun və ərzaq təhlükəsizliyinin təmin olunmasına töhfə verəcəyini düşünür: "Hesab edirik ki, bununla da ərzaq bolluğuna, ərzaq təhlükəsizliyinə nail olacağıq".
Siyavuş Novruzov kiçik torpaq sahələrinin səmərəli şəkildə əkilib-becərilməsinin çətin olduğunu əsas gətirərək onların konsolidasiyasını zəruri hesab edib.
İqtisadçı-ekspert Akif Nəsirli isə Qaynarinfo-ya açıqlamasında bildirib ki, torpaqların birləşdirilməsi ideyası nəzəri baxımdan kənd təsərrüfatında məhsuldarlığın artmasına, texnikadan istifadənin asanlaşmasına və istehsal xərclərinin azalmasına şərait yarada bilər:
"Ancaq bunun praktikada nə dərəcədə uğurlu olacağı bir sıra amillərdən asılıdır. Torpaq sahibləri yalnız bunun onlar üçün iqtisadi baxımdan sərfəli olduğuna əmin olduqları halda torpaqlarını birləşdirməyə maraq göstərə bilərlər. Əgər proses könüllülük prinsipi əsasında həyata keçirilərsə, mülkiyyət hüquqları tam qorunarsa, şəffaf mexanizmlər tətbiq olunarsa və dövlət dəstəyi göstərilərsə, müəyyən sayda fermer bu addımı ata bilər. Əks halda, insanların öz torpaqlarını birləşdirməyə ehtiyatla yanaşacağı gözləniləndir".
Akif Nəsirli vurğulayıb ki, bu mərhələdə "bundan sonra kim torpağını birləşdirəcək?" sualına qəti cavab vermək mümkün deyil:
"Bu, qəbul ediləcək qanunun məzmunundan, onun tətbiq mexanizmlərindən və fermerlərin bu prosesdən real fayda əldə edəcəklərinə inanıb-inanmamalarından asılı olacaq".
Bahar Rüstəmli
Şərhlər