Azərbaycan Premyer Liqasının 18-ci turu çərçivəsində baş tutan "Turan Tovuz” - "Araz-Naxçıvan” matçı zamanı Tovuzdakı stadionda işıq dirəklərindən birinin qırılıb aşması həftənin ən xoşagəlməz hadisəsi oldu. Düzdür, dirək aşarkən xoşbəxtlikdən heç kim xəsarət almadı. Amma böyük ehtimalla kluba xeyli ziyan dəyib.
Bəs son məlumatlar necədir? Klub aşan və potensial təhlükəli olan digər dirəklərlə bağlı nə düşünür? Hansı işləri görəcəklər?
Bu barədə Qaynarinfo-ya açıqlama verən "Turan Tovuz” rəsmisi Oqtay Abdullayev bildirib ki, biri təxminən yarım milyon manata başa gələn işıq dirəklərinin hamısı dəyişdiriləcək:
"Aşan dirəyi dərhal aradan qaldırdılar. Digər dirəkləri də dəyişdirəcəyik. Dörd tərəfdən bərkidilmiş halda yeniləri quraşdırılacaq. Müşahidə Şurasının sədri Ehtiram Quliyev yeni dirəklərin hazırlanmasını istədi. Çünki bunlara etibar yoxdur. Kluba dəyən ziyan belədir ki, dirək aşdı, projektorların hamısı dağıldı. Kabelləri, beton işini, projektorları nəzərə alsaq, bir işıq dirəyi yəqin ki, ən azı yarım milyon manata başa gələr".
Abdullayev bu məsələdə heç kimi günahlandırmadıqlarını deyib:
"Mən də stadionda idim. Çox möhkəm külək əsirdi. Mən hələ belə külək görməmişdim. Hər şey havada uçurdu. Dirəkləri "Bakı” klubundan almışdıq. Çoxdan hazırlanmış dəmirlərdir. Ehtiram Quliyev yaxşılıq edib, alıb. Kluba baxır, hamımız ona minnətdrlığımızı bildirməliyik. Baxın "Kəpəz”ə, neçə ildir sponsor tapılmır. Bu quraşdırılmadan da asılı deyil. Çünki dirək yerindən qopmayıb, 20-25 sm yuxarıdan qırılıb. Qopsaydı, onu quraşdıran şirkəti günahlandırmaq mümkün idi. Yəqin ki, dəmirdə çat, hansısa zəiflik olub”.
Abdullyev dirəklərin gələn ilin yanvar ayından etibarən quraşdırılmağa başlayacağını bildirib:
"Yanvar ayından quraşdırmağa başlayacaqlar. Yəqin ki, yaya qədər hamısı dəyişdiriləcək. Həmin vaxta qədər komanda Tovuzda gündüz saatlarında oynayacaq. Bu həm də rəqiblər üçün yaxşı oldu, tez gəlib-qayıdacaqlar (gülür). Əsas odur ki, dirək aşarkən heç kimə xəsarət yetirməyib. Yoxsa çox böyük çətinliklə üz-üzə qalardıq. Tribunalara ziyan dəyməyib”.
Səbuhi Həsənov