Tovuz rayon sakini iddia edir ki, həkimlər onu döyüb.
Bu barədə məlumat sosial şəbəkədə yayılıb.
Xəstəxananın psixiatrı Sona Hüseynova Oxu.Az-ın sorğusuna cavab olaraq bildirib ki, vətəndaş altı il öncə xəstəxanada qeydiyyatda olub:
"O, epilepsiyadan əziyyət çəkir və ona 3-cü qrup əlillik təyin olunub. Son beş ildə müayinə üçün müraciət edilməyib. Vətəndaşın dediyinə görə, Bakıda fəaliyyət göstərən özəl tibb müəssisələrinin birində müalicə alıb. Müayinə zamanı növbəlilik prinsipini pozaraq otağa Vətən müharibəsi qazisi adı ilə daxil olub. Lakin onun qazi olmadığı, hətta hərbi xidmət keçmədiyi məlum olub”.
Həkim bildirib ki, pasiyent müayinə edilən zaman onda ciddi şəxsiyyət pozuntusu aşkar olunmayıb:
"Əlilliyin təyin olunması ilə bağlı isə özünə məlumat verilməyib. Çünki əlilliyin meyarlarına görə epileptik tutmalarının sayı vacibdir.
Son beş ildə stasionar müalicə ilə bağlı bir sənədi belə yoxdur. Epileptik tutmasının olması, şəxsiyyət dəyişkənliyinin olub-olmaması barədə tək psixiatr kimi diaqnoz qoymağa hüququm yoxdur. Buna görə mənə stasionar müalicə barədə sənəd, epiqriz lazım idi. Lakin vətəndaş stasionar müalicəyə razı olmadığını bildirdi, məni qanunsuzluqda ittiham edərək cinayət işi törətməkdə günahlandırdı.
Videoçəkiliş etməyə icazə olmadığını bildirsəm də, məni videogörüntəyə almağa cəhd göstərdi. Bir xanım kimi məni təhqir edərək nalayiq təkliflər etdi. Məqsədim telefonu onun əlindən almaq olub. Videonun yayılmaması üçün məni şantaj etməyə başladı. Bildirdi ki, ya 3 000 manat pul verəcəksən, ya da videonu yayaraq səni rüsvay edəcəyəm”.
<iframe src="https://player.baku.tv/embed/37167" width="560" height="315" frameborder="0" allow="autoplay; encrypted-media" allowfullscreen="">