
Qızı qaçırılan ata danışdı
Tovuz rayonunda Ramiz Qələndərov adlı şəxsin qızını zorla qaçırıblar.
Qızın atası, Tovuz şəhər sakini Ramiz Qələndərov hadisə ilə bağlı AzNews.az-a açıqlama verib. O bildirib ki, qızı qaçırılandan sonra polisə xəbər versə də, polis qızı qaçıran şəxslərlə anlaşaraq, ona yardım etməyib.
Onun sözlərinə görə, qızı Gülnarə Qələndərova oktyabrın 31-də qaçırılıb: “Onu Elnur adlı şəxs qaçırıb. Mən o ailəni tanımıram. Heç oğlanla da əvvəlcədən tanışlığım olmayıb. Amma qızım tanıyırmış. Sonradan əlaqəsini tamam kəsib. Oktyabrın 31-də isə Elnurun bacısı qızıma guya nəsə demək bəhanəsi ilə onu aparıb. Bu barədə məlumat alan kimi polisə müraciət etdik. Noyabrın 1-də qızım polisə verdiyi izahatda oğlana könüllü qaçdığını bildirib. Sonradan xalası qızına ismarış yollayıb. Həmin ismarışda da gəlib onu aparmağımızı xahiş edib. Ancaq polis neçə gün idi məsələni uzadırdı. Polis şöbəsinin əməliyyat üzrə rəis müavini dünən axşam mənə dedi ki, gedirik qızını gətirib sənə verəcəyik. Getdilər də. Ancaq qızı qaytarmadılar. Ümumiyyətlə, bir həftədir ki, məsələni uzadırlar. Nəhayət, bu gün isə qızımı rayon Polis şöbəsinə çağırdılar. Artıq məsələ həll olundu. Qızım orada dedi ki, atamla gedirəm. Bayaqdan Polis Şöbəsində idik. Qızımı götürüb gedirəm. Şikayətçi də deyiləm. O oğlanla bağlı polisin nə qərar verəcəyi ilə də maraqlanmıram”.
Qeyd edək ki, faktı Tovuz rayon Polis şöbəsi təsdiqləyib. Tovuz RPŞ-nin müstəntiqi Namiq Kazımov AzNews.az-a açıqlamasında bildirib ki, fakt üzrə müvafiq tədbirlər görülüb. Qaçırılan qızın da ifadəsi alınıb və o, öz ifadəsində polisə bildirib ki, qaçırılması könüllü olub: “Dünən axşam getdik. Qız bizə yenə könüllü getdiyini dedi. Anası da bizimlə idi. Problemi ailə şəraitində deməyə çəkinəcəyi ehtimalını nəzərə alaraq, biz qızı bu gün Polis Şöbəsinə dəvət etmişik. Burada yenidən söhbət edəcəyik. Qərarı isə bundan sonra verəcəyik”.
Qaynar.info