
Azərbaycanlı iş adamları üçün biznes sahəsi hər zaman dar çərçivələrlə əhatə olunub. Bir az pulu olan ya dönərxana açır, ya çayxana, daha imkanlılar isə şadlıq sarayları, binalar tikdirir, pulunu daşınmaz əmlaka yatırır. Bunun nəticəsidir ki, sağa baxırsan toyxana, sola baxırsan çayxana, dönərxana və s.
Ağıllı biznesmenlər isə daha prespektivli sahələrə, məsələn milyardlarla gəlir mənbəyi hesab olunan informasiya və kommunikasiya texnologiyaları (İKT) sahəsinə investisiya yatırır. Texnologiya əsrində yaşayırıq, bütün dünyada biznesmenlər bu sahəyə milyardlar qoyur və qazanır. Bizdə isə hazır layihələrə belə heç bir biznesmen yatırım etmək istəmir.
Bunun nəticəsidir ki, savadlı, prespektivli kadrlar sürətlə ölkəni tərk edib, əməklərinə, layihələrinə layiqli qiymətin verildiyi ölkədərə üz tuturlar. Son illər yüzlərlə istedadlı, bacarıqlı, xüsusən də texnologiya sahəsində prespektivli hesab olunan kadrlar ölkəni tərk edib, daha doğrusu tərk etmək məcburiyyətində qalıb.
Dünyada hər gün yeni-yeni proqramlar, tətbiqlər yaradılır, bu sahələrə yatırım edən biznesmenlər milyardlar qazanır. Bəs bizdə niyə belə deyil? İş adamları, imkanlı şəxslər restoran açmaqdan, illərlə sata bilmədiyi binaları tikməkdənsə, niyə daha prespektivli beznes sahələrinə, məsələn İKT bazarına maraq göstərmir.
"Qaynarinfo"ya danışan iqtisadçı-ekspert Natiq Cəfərli bildirir ki, İKT bazar kimi Azərbaycanda hələ formalaşmayıb:

"İKT spesifik, mütəxəssislərdən asılı, təhsillə birbaşa əlaqəli olan, startaplarla, başlanğıc layihələri ilə zəngin bir sahədir. Təəssüf ki, Azərbaycanda bu sahənin bazası yoxdur. Təhsillə, mütəxəssislərlə bağlı ciddi problemlər var. Yaxşı mütəxəssis yetişən kimi də Azərbaycandan çıxıb getməyi, daha böyük bazarlarda özünü sınamağı düşünür. 90-cı illərin sonunda "Microsoft"a nərd oyununu satan şəxs azərbaycanlıdır, hazırda Kanadada yaşayır. Azərbaycanlı var ki, Twitter-ə proqram satıb, indi ABŞ-dadır. Yəni belə nümunələr də var.
Azərbaycanda bu sahəyə marağın olmaması təəssüf ki, ölkəmizi İKT sahəsində geri salır. Bizdə belə bir səhv təsəvvür var ki, sadəcə mobil operatorların şəbəkəsinin artması və internetin genişlənməsi bu sahənin inkişafı üçün kifayət edir. Lakin bu, İKT deyil. İKT həmçinin texnologiyaların həyatda, təcrübədə, iqtisadiyyatda tətbiqini özündə ehtiva edir. Elə proqram və mobil tətbiq yarada bilən gənclər olub ki, burada alınmayıb və başqa ölkələrdə özlərini sınamağa məcbur olublar. Yəni, bu bazar formalaşmalı, mütəxəssislər yetişdirilməli, elm və təhsil bu sahə ilə yanaşı addımlamalı və gənclərin bəlkə də ilk baxışdan absurd görünən ideyalarının həyata keçirilməsi üçün maliyyə vəsaitləri, xüsusi fondlar lazımdır. Adi bir faktı qeyd edim ki, ABŞ-da bir fond var, heç vaxt reallaşdırılması mümkün görünməyən layihələrə belə ildə 2 milyard vəsait ayrılır. Bunun məğzi ondan ibarətdir ki, həmin layihənin həyata keçirilməsində yeni ideyalar, yeni təkliflər, yeni yanaşmalar ortaya çıxa bilər. Yəni hətta tətbiqi mümkünsüz olan layihələrə belə 100 milyonlarla vəsait ayrılan ölkələrin yanında Azərbaycanda vəsait çatışmazlığı, kadr çatışmazlığı bu sahənin inkişafına ciddi maneə yaradır".
Məsələyə münasibət bildirən technote.az saytının baş redaktoru Fərid Pərdəşünas isə investorlarımızın sahə ilə bağlı anlayışlarının olmadığını diqqətə çatdırıb:

"Bizim biznesmenlərin bu sahəyə yatırım etməmələrinin səbəbi İKT barədə məlumatlarının olmamasıdır. Azərbaycanlı investorlar çalışır ki, əllə tutulan bir şeyə yatırım etsinlər. Bu səbəbdən tətbiqlərə və startaplata yatırım onların anlayışlarında yoxdur. Bu da savadsızlıqdan irəli gəlir. Bizim investorların inkişafı üçün hələ çox vaxt lazımdır. İnkişaf üçün də bu sahə ilə bağlı çoxlu informasiya paylaşılmalıdır. İnvestorlar gözlə görməsə, eşitməsə bu sahəyə yatırım etməyəcəklər".
Çingiz Səfərli
Qaynarinfo.Az