Tələbə Qəbulu üzrə Dövlət Komissiyası növbəti il üçün qəbul imtahanlarının keçirilmə vaxtlarında müəyyən dəyişikliklər edilməsini nəzərdə tutub.
"Qafqazinfo" xəbər verir ki, dəyişikliklərin yalnız texniki xarakterli olduğu və qəbul imtahanının məzmununa aid olmadığı qeyd olunur. Belə ki, gələn il həyata keçiriləcək qəbul kampaniyası zamanı əvvəlki illərin məzunları üçün qəbul imtahanlarının aprel ayında aparılması nəzərdə tutulur.
Həmin ilin məzunları isə, yəni orta məktəbi 2014-cü ildə bitirənlər qəbul imtahanlarını həmişəki kimi iyul ayında verəcəklər. Həm əvvəlki illərin, həm də orta məktəblərin 2014-cü il məzunları ixtisas seçimini eyni vaxtda – ali məktəblərə bütün qəbul imtahanları başa çatdıqdan sonra edəcəklər.
2014-cü ildə buraxılış imtahanları yenə də Ana dili və riyaziyyat fənlərindən olacaq.
Digər nəzərdə tutulan yenilik isə 9 illik təhsil bazası üzrə buraxılış imtahanlarının nəticələri ilə eyni zamanda orta ixtisas təhsili müəssisələrinə (kolleclərə) yerləşdirmənin aparılmasıdır. Yəni bu imtahan 9-cu sinfi bitirən şagirdlərə şəhadətnamələrin verilməsi üçün əsas olmaqla yanaşı, həmin şagirdlər arasından kolleclərə qəbul olmaq istəyənlər üçün qəbul imtahanı rolu oynayacaq. Beləliklə 2014-cü ildə 9 illik təhsil bazası üzrə kolleclərə həmin ilin məzunları üçün ayrıca qəbul imtahanı keçirilməyəcək.
Orta ixtisas təhsil müəssisələrinə 9 illik təhsil bazasında ayrıca imtahan yalnız əvvəlki illərin məzunları üçün həyata keçiriləcək.
Qeyd olunan məsələlərlə bağlı daha ətraflı məlumatları nəzərdə tutulan yeniliklərə dair qərarlar müvafiq hüquqi qüvvəyə mindikdə təqdim olunacaqdır. Qaynar.info