"Qarabağ"ın şotlandları keçə bilməməsindən özümə gələ bilmirdim. Türkiyədən yaxın dostum, bir zamanlar "Trabzonspor"un alt yapısında çalışmış Taşkın Göçərdən gələn zəng məni düşdüyüm stressdən ayıltdı. Taşkın bəy hazırda Batumidə olduğumu bildiyi üçün, coğrafi yaxınlığı nəzərə alaraq, məni Avropa Liqasının "Rabotniçki" ilə cavab qarşılaşmasını izləməyə dəvət edirdi.
Tərəddüd etmədən yola qoyuldum. Bu matçın intriqası (ilk oyun 1:0 makedoniyalıların xeyrinə nəticələnmişdi) şəhərin mərkəzi meydanı hesab edilən Moloza axın edən Qara dəniz klubunun fanatlarının sayından hiss edilirdi. Adətən avrokubok matçlarını önəmsəməyən trabzonlular bu dəfə komandalarının güclü dəstəyə ehtiyacı olduğunu bilirdilər. Hüseyin Avni Akər adına stadionun ətrafında bordo-mavili müxtəlif atributlarla silahlanmış azarkeşlərin arasında xeyli sayda qadın fanatlar da vardı.
Əlimdə Azərbaycan bayrağını görən əksəriyyət "Azərbaycan, çok yaşa", "Karabağ bizimdir, bizim olacak", "Şəhidlər ölməz, vətən bölünməz" kimi şüarlar səsləndirərək vətənimizə olan sevgilərini nümayiş etdirirdilər. Özüm Trabzonda olsam da, qəlbim Bakıda - "Qəbələ" və "İnter"lə birlikdə döyünə-döyünə Hüseyin Avni Aker stadionuna daxil oldum.
Hakim start fitini səsləndirən kimi, məşhur "Kale arkası" tribunasında bir gün əvvəl şəhid olan türk əsgərlərinin adı yazılan böyük banner açıldı. Bannerin açılması ilə stadionu "Şəhidlər ölməz, vətən bölünməz" şüarları bürüdü. Şota Arveladze "Trabzonspor"un yeni transferlərindən olan kamerunlu Stefan Mbia və qvineyalı Kevin Konstanı ilk "11-lik"də meydana buraxmışdi. Gözlənilməz hal isə cəzalandırılaraq əvəzedici heyətə göndərilən qapıçı Onur Kıvrakın start heyətində, özü də kapitan sarğısı ilə yaşıl meydana ayaq basması idi. Oyunu müdafiədən quran makedoniyalılar arabir baş tutan əks-hücumlara bel bağlayırdı. Onu qeyd etməliyəm ki, "Kale arkası"nda mənim açdığım Azərbaycan bayrağından başqa daha bir üçrəngli rəmzimiz dalğalanırdı. Taşkın Göçərin bildirdiyinə görə, bayrağımızı dalğalandıran, komandanın əksər oyunlarında yerini tutan, burada ali məktəblərdə təhsil alan gənc soydaşlarımızdır.

İlk hissə qolsuz bitdiyi üçün çılğın türk fanatları klub rəhbərliyi əleyhinə müxtəlif sloqanlar səsləndirirdi. Matçın fasiləsində Taşkının mənimlə tanış etdiyi, "Trabzonspor"un tribuna amiqolarından biri olan Sərtan Azərbaycandan olduğumu bilən kimi, "Qarabağ"ın şotlandlara məğlub olmasını təəssüflə izlədiklərini bildirərək, yaramı yenidən təzələdi. Ayrılan zaman Sərtan mənə "ikinci yarıda sana sürpriz yapacam abi" deyərək, tribunaya doğru yollandı. Matçın 51-ci dəqiqəsində stadionu bürüyən "Karabağ bizimdir, bizim olacak", "Şəhidlər ölməz, vətən bölünməz", "Bir bədəndə iki can, Türkiyə - Azərbaycan" sədaları Qara dəniz sahillərinə yayıldı, göz yaşlarımı saxlaya bilmədim… Bu sədalar altında bir daha əmin oldum ki, türkün türkdən başqa dostu yoxdur, biz tək deyilik…arxamızda 80 milyonluq Türkiyə var.

Görüşə gəldikdə isə, 55-ci dəqiqədə Konstanın başladığı hücumu Okan qolla tamamlayaraq, bordo-mavi rənglərə bürünmüş tribunaları ümidləndirdi. 90 dəqiqə bu hesabla başa çatdı. Oyunun uzatmasında rəqibi ikinci dəfə mərkəzə dəvət edə bilməyən trabzonlular öz qapılarında qol görərək, Avroliqaya əlvida demək məcburiyyətində qaldılar. Yaxşı ki, Cavid Hüseynov məni Qara dəniz sahillərindən kədərli ayrılmağa qoymadı…
Araz Əhmədov
Batumi-Trabzon-Tiflis