Xəbər lenti

Tramp baha neftə bazar yaradır (ŞƏRH)
Ekonomiks15:52 09.05.2018

Tramp baha neftə bazar yaradır (ŞƏRH)

Google alqoritminə buraxmayın, xəbəri özünüz seçin!Xəbəri Google yox, siz seçin!Əlavə et
ABŞ prezidenti Donald Trampın İrana qarşı iqtisadi sanksiyalar tətbiq etmə ehtimalları neft bazarlarında narahatlığı artırır.
Mayın 8-də dünya bazarlarında Brent markalı xam neftinin bir bareli 75.70 dollara, yüngül neftin bareli 70.11 dollara yüksəlib. ABŞ-ın West Texas (WTI) xam neftinin qiyməti bu gün eyni anda 70,81 dollara qalxıb. Beləliklə, hər iki neft məhsullarının qiyməti 2014-cü ilin noyabr ayından etibarən ən yüksək səviyyədə satılıb.
Qeyd edək ki, ABŞ-ın İranla nüvə razılaşmasından çəkilməsi və ya yeni sanksiyalar tətbiq edilməsi barədə qərarını açıqlaması əvvəldən də gözlənilirdi. Ən gec şənbə gününə qədər İranın nüvə razılaşması ilə əlaqədar qərarını açıqlanması gözlənilən Tramp, mayın 8-də "Twitter” hesabında etdiyi paylaşmada nüvə razılaşması ilə bağlı qərarını sabah, mayın 9-da yerli vaxtla saat 14.00-də açıqlayacağını bildirmişdi. Nəhayət, gözlənilən açıqlama gəlib və prezident ABŞ-ın sazişdən çıxdığını açıqlayıb. 
Donald Trampın açıqlamalarından sonra neft qiymətlərinin düşməsinə baxmayaraq gündəlik qazanmalar davam edib. Belə ki, sözügedən dövrdə, Brent neftinin gündəlik qazancı 1,9 faiz, WTI neftinin gündəlik qazancı isə 1,4 faiz olub.
Trampın açıqlamasından sonra London Brent markalı xam neftin qiyməti 75.35 dollara, WTI xam neftinin qiyməti isə 69.84 dollara düşüb. Ekspertlər qeyd ediblər ki, 2015-ci ilin iyul ayında imzalanan İran nüvə danışıqlarından ABŞ-ın imtina etməsi fonunda, Vaşinqton Tehrana yenidən sanksiyalar tətbiq edə bilər. Analitiklər bunun İranın neft hasilatına və ixracatına mənfi təsir göstərəcəyini deyir.
Neft Araşdırmaları Mərkəzinin rəhbəri İlham Şaban "Cümhuriyət” qəzetinə bildirib ki, Trampın İranla bağlı nə qərar qəbul edəcəyini artıq yerli mətbuat öz mənbələrinə istinadən yazıb:
"Məlumatlara görə, Tramp İranla nüvə sazişindən geri çəkilmək barədə qərar verib. Bu, o deməkdir ki, artıq İrana qarşı əvvəlki sanksiyaların ABŞ tərəfdən gündəmə gəlməsi realdır. Bunun nəticəsində İranla ABŞ arasında gərginlik kifayət qədər artacaq. Bu səbəblərdən dolayı mayın 7-dən etibarən neftin qiymətində artımlar müşahidə edilir. Ötən gün neftin qiyməti maksimal olaraq 76.34 dollara qədər artdı. 
Hesab edirəm ki, Tramp öz qərarını açıqlayandan sonra təqribən iki gün birjalarda şok effektini saxlayacaq və neftin qiymətlərinin artımına səbəb olacaq. Dünya KİV-lərindəki qırmızı xəbərlərin sayı çoxalacaq, bu, birjaların lentlərində özünü göstərəcək, nəticədə bir ajiotaj ab-havası yaranacaq.
Təbii ki, belə olan halda neftin qiymətləri səngimək əvəzinə artıma doğru irəliləyəcək. Sonradan daha soyuq başla bunun fəsadları, atılacaq addımlar barədə həm mediada, həm də bazarı iştirakçıları arasında məlumatlar yer alacaq və neftin qiymətləri yenidən azalmağa doğru gedəcək”.
Analitik hesab edir ki, 75-76 dollar arasında olan neft qiymətləri 77-78 dollara qədər arta bilər:
"Tutaq ki, sonradan neftin bir bareli 74-75 dollara qədər ucuzlaşdı. Amma bu, yenə də ucuz qiymət deyil, kifayət qədər böyükdür. Bazar iştirakçıları bu dəyəri real bazar qiyməti saymır. Onlar bunu şişirdilmiş, qızdırılmış və tərkibində siyasi faktorlar olan çalarlardan qazanılan bir qiymət kimi dəyərləndirirlər. Neftin real dəyəri təqribən 65 dollar civarındadır. Hələ ki, siyasi faktorların neftin qiymətinə təsir amili bazarda kifayət qədər hiss olunur. Bu, ikinci rübdə özünü daha qabarıq göstərir və neftin qiymətlərinin birinci rüblə müqayisədə daha da artmasına şərait yaradır. Ümumilikdə 4 ayın nəticəsi Brent markalı neft üçün 68 dollar idisə, artıq may ayının ilk 10 günlüyü üçün 70 dollardan yüksək bir hədd gözləmək olar”.