"Bu məsələ ondan qaynaqlanır ki, HƏMAS və "Hizbullah"la mübarizədə üstünlük qazanan İsrail artıq İranın proksi təşkilatlarının əsas bazası olan Suriya ərazisini də təhlükələrdən təmizləmək niyyətindədir".
Bunu Qaynarinfo-ya açıqlamasında politoloq Rüstəm Tağızadə Donald Trampın dövründə ABŞ və ya İsrailin İranla müharibəyə başlaması ehtimalını şərh edərkən deyib.
"İran proksi qüvvələrlə əsas loqistika əlaqəsini Suriya üzərindən qururdu. Bu baxımdan da İsrailin əsas məqsədi Suriyadakı hərbi birlikləri və başqa terrorçu ünsürləri təmizləməkdən ibarətdir. Təbii ki, bu da asan proses deyil. Çünki hələ ki, İranın oradakı qolları tam kəsilməyib", deyə Rüstəm Tağızadə bildirib.
ABŞ-ın İranla müharibəsi məsələsinə gəldikdə, həmsöhbətimiz qeyd edir ki, hələlik bu istiqamətdə ideoloji informasiya müharibəsi gedir:
"ABŞ-ın İranla müharibə edib-etməyəcəyini isə Trampın hakimiyyətə rəsmi gəlişindən sonra biləcəyik. Bu Trampın həmin istiqamətdə hansı qərarlar verməsindən asılıdır. Bununla bağlı müəyyən bəyanatlat səslənir. İsrail tərəfi də Netanyahunun timsalında İran xalqına səslənərək, dini lider Ayətullah Xamenei rejiminin devrilməsindən sonra onların nicat tapacaqlarını bəyan edib. Hələlik bu istiqamətdə ideoloji informasiya müharibəsi gedir. Bu baxımdan, hadisələri zəncirvari görəcəyik".
Rüstəm Tağızadə düşünür ki, ABŞ-la İran arasında birbaşa müharibə olmasa da, Tehranın Suriya və İraq ərazisindəki hərbi proksi qüvvələrinə və yaxud İrandan gələn loqistik yollara nəzarət gücləndiriləcək:
"Görünən odur ki, Suriyada hələ məsələ bitməyib. Hətta zaman-zaman müxtəlif hərbi əməliyyatların şahidi ola bilərik. Hələliksə, İsrail Suriya ilə bağlı məsələni də çözməyib. Onlar Suriyanın cənubunda təhlükəsizlik buferi yaratmaq istəyirlər".
Qeyd edək ki, ABŞ-ın yeni prezidenti Donald Tramp "Time" nəşrinə açıqlamasında İranla müharibə ehtimalını istisna etməyib: "İstənilən hər şey baş verə bilər. Bu çox qeyri-stabil situasiyadır".
Bu isə onu deməyə əsas verir ki, Tramp səlahiyyətlərinə başlayar-başlamaz əsas diqqət verdiyi məsələlərdən biri də İranla bağlı məsələ olacaq. "Qaley İDF" radiosunun məlumatına görə, İsrail ordusu Suriyaya uğurlu hava zərbələrindən sonra onların İrandakı nüvə obyektlərinə zərbə endirmək imkanlarının açıldığı qənaətinə gəlib. Qeyd olunub ki, İsrailin müəyyən hərbi strukturları, o cümlədən ordu, Tehranla bağlı ölkənin siyasi rəhbərliyinə variantlar təqdim etmək üçün müxtəlif kəşfiyyat və müdafiə strukturları arasında koordinasiya aparır. Vurğulanıb ki, güclü olan Suriyanın hava hücumundan müdafiə sisteminin 80 faizi İsrailin hava hücumlarından sonra məhv edilib. Radio bildirib ki, bir neçə il əvvəl Suriyanın hava hücumundan müdafiə sistemləri yəhudi dövlətinin aviasiyasına ciddi təhlükə yaradıb, lakin indi vəziyyət dəyişib, Suriyanın hava məkanı uçuşlar üçün artıq açıqdır. Beləliklə həm Tramp, həm də İsrail tərəfindən İrana qarşı səslənən fikirlər onu deməyə əsas verir ki, onların növbəti hədəfi Tehran olacaq.
Rüfət Sultan
Şərhlər