Donald Tramp prezident kimi fəaliyyətə başladıqdan sonra verdiyi ilk fərmanlardan biri ilə 90 gün müddətində hər hansı bir dövlətə və ya təşkilata yardım göstərilməsini dayandırıb. Bu qərar, audit keçirməklə yardım proqramlarının məqsədlərə uyğunluğunu yoxlamağa xidmət edir. ABŞ Ukraynanın ən böyük yardım aldığı dövlətlərindən biridir və bu qərarın Ukraynaya təsiri ilə bağlı suallar ortaya çıxır. Mərkəzi Təhlil İnstitutunun rəhbəri Andrey Kovalenko vurğulayıb ki, Trampın imzaladığı və beynəlxalq yardımı dayandıran fərman Ukraynaya verilən hərbi yardımı əhatə etmir.
Qaynarinfo xəbər bildirdiyinə görə, burada hər növ yardımdan söhbət
getmir.
"Reevaluating And Realigning United States Foreign Aid" adlı fərmanda qeyd olunur ki, inkişaf yardımı (development assistance) proqramlarına görə cavabdeh olan ABŞ dövlət idarələri və agentlikləri 90 günlük müddət ərzində yeni öhdəliklər qəbul etməməli və mövcud ödənişləri dayandırmalıdırlar.
Fərmanın əsas məqsədi bu yardım proqramlarının ABŞ-ın maraqlarına uyğunluğunu qiymətləndirməkdir və müvafiq qərarı ABŞ dövlət katibi qəbul edəcək. Bununla yanaşı, fərmanın hərbi yardımı əhatə etmədiyi vurğulanır.
Ekspertlər bildirirlər ki, bu fərman ABŞ-ın Ukraynaya silah yardımı proqramlarına təsir etməyəcək. Çünki bu yardım təhlükəsizlik yardımı (security assistance) çərçivəsində həyata keçirilir və inkişaf yardımları ilə bağlı deyil. Lakin fərman Ukraynaya iqtisadi, sosial və infrastrukturun bərpası məqsədilə göstərilən digər yardımları, xüsusilə də USAID vasitəsilə ayrılan vəsaitə təsir edə bilər.
Bundan əlavə, qeyd edilir ki, Co Bayden administrasiyası 2024-cü maliyyə ilində Ukraynaya ayrılmış bütün vəsaiti xərcləyə bilməyib. Həmçinin, 1 oktyabr 2024-cü ildə başlayan 2025-ci maliyyə ilinə dair ABŞ büdcəsi hələ təsdiqlənməyib. Yeni büdcə layihəsində isə Ukraynaya silah yardımı haqqında heç bir maddə qeyd olunmayıb.
Qeyd edək ki, Donald Tramp, prezidentliyinin ilk günündə bir neçə fərman imzalayıb:
- ABŞ-ın xarici yardım proqramlarının 90 günlük dayandırılması;
- ABŞ-ın Ümumdünya Səhiyyə Təşkilatından (ÜST) çıxması;
- Doğum əsasında ABŞ vətəndaşlığına məhdudiyyətlər qoyulması.
Bundan əlavə, Tramp, Co Baydenin prezidentliyi dövründə imzalanmış 78 icra sənədini ləğv edib.
Alpər
Şərhlər