İdman 14:25 28.07.2022

"Turan Tovuz"a avtobus alınması üçün ianə toplanmağa başlandı

Futbolun İnkişaf Fondu və "Turan Tovuz"un birgə layihəsi olan "Turan 100k" adlı internet portalı istifadəyə verilib.
 
Qaynarinfonun məlumatına görə layihə 2022/2023-cü illər mövsümündən etibarən Azərbaycan Premyer Liqa yarışlarında iştirak etmək üçün lisenziya əldə edən "Turan Tovuz" Peşəkar Futbol Klubu üçün 100.000 AZN ianə toplamaq məqsədi daşıyır. İanəçilər veb platformada yerləşdirilən 7140 pikseldən ibarət olan qrafik futbol meydançasından 1, 4, 9 və ya 16 ədəd piksel əldə edə bilər.

Veb platformada yerləşdirilən "Turan Tovuz”un virtual futbol meydançasının ölçüsü real futbol meydançası ölçülərinə uyğun olaraq 105x68 proporsiyasındadır. Ümumi piksel sayı 7140 ədəddir. İanəçilər bir dəfəyə 1, 4, 9 və ya 16 ədəd piksel əldə edə bilər. 1 pikselin qiyməti 15 AZN təşkil edir.

İanəçi "Turan 100k” rəqəmsal platformasında kluba öz dəstəyini göstərməklə yanaşı bir çox üstünlüklər də əldə edir. İstifadəçilərin əldə etdikləri piksel ölçülərinə uyğun müvafiq şəkilləri virtual stadionda yerləşdiriləcək. Bununla yanaşı, ianəçilərin fotolarından ibarət stadionun şəkli klubun avtobusunun üzərində yer alacaq və stadionun seçilmiş ərazisindəki lövhədə də öz əksini tapacaq.

30 illik yubileyini qeyd edən Azərbaycanın ilk rəsmi Peşəkar Futbol Klubu olan "Turan Tovuz”a dəstək məqsədilə ianə edən şəxslərdən toplanan 100.000 AZN kluba avtobus alınması üçün sərf olunacaq və bununla bağlı ictimaiyyətə hesabat veriləcək.

Səbuhi Həsənov