Xəbər lenti

“Turan Tovuz”da prosesin yavaş getməsinin səbəbi…”
İdman07:35 10.09.2022

“Turan Tovuz”da prosesin yavaş getməsinin səbəbi…”

Google alqoritminə buraxmayın, xəbəri özünüz seçin!Xəbəri Google yox, siz seçin!Əlavə et
Bir neçə gün öncə Futbolun İnkişaf Fondu (FİF) "Kəpəz” üçün ianə layihəsini təqdim etdi. Artıq gəncəli azarkeşlərin də öz sevimli komandalarına ianə etməsi üçün şərait yaradılıb. Bir müddət öncə isə "Turan Tovuz”un azarkeşlərinə də eyni şərait yaradılmışdı. Ancaq layihənin bir neçə aydır davam etməsinə baxmayaraq, Tovuz təmsilçisinə avtobus almaq üçün hələ də kifayət qədər məbləğ yığılmayıb. 
FİF-in həm bu məsələyə münasibətini, həm də qarşıdakı planları haqda məlumat almaq üçün fondun icraçı direktoru Tural Piriyevlə danışdıq. O, Qaynarinfo-ya müsahibəsində məsələlərə aydınlıq gətirdi:
- Bir neçə gün öncə "Kəpəz”lə bağlı layihəni təqdim etdiniz. Buna qədər "Turan Tovuz”la bağlı ianə kampaniyası başladılmışdı. Prosesin davamiyyətini necə qiymətləndirirsiniz?
- "Turan 100k” artıq bir ay, "Kəpəz” 100k” isə bir neçə gündür istifadəyə verilib. "Kəpəz” 100k”da proses çox sürətli başladı. Bir günə 200 piksel satıldı. "Turan Tovuz”la bağlı layihədə isə 100 piksel bir həftəyə əldə olunmuşdu. Gördüyünüz kimi müqayisədə böyük fərq var. Məncə "Kəpəz” 100k” yaxşı başlayıb inanıram ki, hər iki region arasında yaxşı rəqabət formalaşacaq. Bu isə insanları stimullaşdıracaq ki, öz regionlarına dəstək olsunlar. 
- "Turan Tovuz” üçün xeyli müddətdir layihə istifadəyə verilsə də, avtobus almağa lazımi məbləğ yığılmayıb. Ümumiyyətlə, bu layihələrin uğurlu olacağına nə dərəcədə inanırsınız?
- Layihələr yenidir. Baxmayaraq ki, ölkəmizdə ianə mədəniyyəti artıq üç ildir, 44 günlük müharibədən sonra formalaşıb. Müxtəlif sahələrdə var, amma futbolda, idmanda yenidir. Bunu eksperiment kimi hesab etmək olar. "Turan Tovuz”da prosesin yavaş getməsinin səbəbi, görünür, lazımi auditoriya toplaya bilməməyimizdir. Bu yöndə çoxşaxəli təbliğat planımız var. Müəyyən dövrlərdə bunu nəzərdən keçirib, düzəlişlər əlavə edirik. Rəqabətin də öz təsiri olacağına inanıram. 
- "100 k” layihəsində FİF-in də əməkdaşları iştirak edir?
- "Turan 100k”da iki dəfə ianə etmişəm. Elə "Kəpəz 100k”da da iştirakım olub. Bu layihədə ilk ianəni əməkdaşlarımız mərhum "Kəpəz” azarkeşi Adil dayının adından etdi. Əməkdaşlarımız, öz dost-tanışlarımız da bunda maraqlıdır. Bacardığımız qədər ətrafımızdakı insanları da cəlb edirik. 
- Bu kimi layihələri Birinci Diviziondakı bölgə komandaları üçün də tətbiq etmək planlarınız var?
- Hələ başqa komandalarla bağlı bunu həyata keçirməyi düşünmürük. Amma ianə portalımız hazır olmaq üzrədir. Bu əvvəlki iki layihəyə görə yubanır. Yaxın vaxtlarda istifadəyə veriləcək. Həmin portal üzərindən, demək olar, insanların bütün region klublarına ianə etmək imkanı yaranacaq.  Amma sırf "100k”nı digər klublara tətbiq etmək planımız yoxdur. 
- Gələcəkdə Premyer Liqada iştirak edən digər bölgə təmsilçilərimizə, məsələn, "Şamaxı”ya buna bənzər layihə təqdim etmək kimi fikirləriniz var?
- Bu klubların nümayəndələri ilə ayrılıqda görüşürük. Çalışırıq ki, klubun öz xüsusiyyətinə uyğun addım ataq. Məsələn, "Turan Tovuz”la "Kəpəz”in böyük azarkeş kütləsi var. Azarkeş kütləsi az olan klublar üçün başqa işlər görmək mümkündür. Klubun xüsusiyyətinə uyğun dəstəyimizi göstərməyə çalışırıq.
- "Turan Tovuz”la "Kəpəz”ə sponsorluq üçün müraciət edənlər var?
- Sırf sponsorluqla bağlı müraciət edənlər yoxdur. Ancaq özümüzün mütəmadi danışıqlar apardığımız şirkətlər var. Görüşlərdə şəxsən iştirak edirəm. Əməkdaşlar da görüşlərdə olur. Sponsorluq tez bir zamanda baş verən proses deyil. Şirkəti tam öyrənməliyik. Klub sponsorluğunda hansı maraqların kəsişə biləcəyini anlamalıyıq. Göstərməliyik ki, klub sponsorluğuna görə onların bizneslərinə geridönüş nə ola bilər. Bu adətən uzun müddət alır. Qısa zamanda sponsor tapacağımı desəm, yalan olar. Ancaq bunun üzərində işləyirik və inanıram ki, nəticəsi olacaq.
- "Turan Tovuz”la "Kəpəz”in büdcələri təsdiqlənməyib. Bu gələcəkdə hansısa problemlər yarada bilərmi? Komanda üzvləri, məşqçilər narahatlıq keçirirlər.
- Sırf büdcənin təsdiqlənməsi ilə bağlı sual bizə yönləndirilməli deyil. Əlbəttə, təsdiqlənməyəndə komandanın fəaliyyəti çətin olur. Bildiyim qədər, gözlənilən müqavilələrlə bağlı klublarla danışıqlar olub. Onlar bilirlər hansı büdcə, hansı müddətdə ötürüləcək. Tam deməzdim ki, təsdiq olunmayıb. Nəyi necə etmək lazımdır, bilirlər.
- FİF-in qarşıdakı planları necədir? Yaxın aylarda, günlərdə hansı yeniliklər gətirməyi və addımlar atmağı düşünürsünüz? 
- Fəaliyyətimiz çoxşaxəlidir. Beynəlxalq əlaqələrdən tutmuş, sahibkarların cəlb edilməsi, qanunvericiliyə təkliflərə, sponsor axtarışlarına qədər davam edir. "100k” layihələri də öz yerində. Yaxın zamanlarda internet portalı da istifadəyə verəcəyik. Əsas üç məqsədimiz var -  iş yaradılmasına nail olmaq, region klublarında dayanıqlığı və cəmiyyətin bu prosesdə iştirakını təmin etmək. Həmçinin qarşıda region klubları üçün seminarımız da planlaşdırılıb. Bu "Şamaxı”nın rəhbərliyinin təşəbbüsü ilə baş tutacaq. Amma istədik yeniliklərdən bütün klublarımız faydalana bilsin. Seminarda əsasən strateji inkişaf üçün nələr etmək lazımdır, hansı gəlirləri özfəaliyyətləri ilə əldə edə bilərlər, təkliflər düzgün formada necə hazırlanmalıdır, maraqlı tərəflərlə əlaqələr hansı şəkildə qurulmalıdır mövzusunda klublara təlim keçəcəyik. Təlimə yerli, həmçinin UEFA-dan mütəxəssislər cəlb edəcəyik. Təlim təkcə bu seminarla yekunlaşmayacaq. Davamlı olaraq bu formada seminar və təlimlər keçiriləcək.
- FİF-in daxili strukturu ilə bağlı məsələlər nə yerdədir?
- Hazırda Bakı ofisimiz tam formalaşıb. Regionlarda nümayəndəliklərimiz vardı. Gördük ki, hər regionda nümayəndəyə hələ ki, ehtiyac yoxdur. Regional koordinatorumuz bölgələrdəki işlərlə məşğul olur. Hələ ki, Tovuzda nümayəndəmiz var. Digər regionlarda da fəaliyyət genişləndikcə nümayəndələr cəlb olunacaq.
Səbuhi Həsənov