İdman 18:24 13.09.2022

"Turan Tovuz"un kapitanı: "Başımızı çox yuxarı qaldırmamalıyıq"

"Turan Tovuz”un 6 turdan sonra Premyer Liqanın turnir cədvəlində 4-cü pilləni tutacağını bəlkə də çoxları gözləmirdi. Bu da o anlama gəlir ki, komanda mövsümə heç də pis başlamayıb. "Qarabağ”la oyunu təxirə salınsa da, Tovuz təmsilçisi 5 turda, demək olar, maksimum nəticə əldə edib. Ayxan Abbasovun rəhbərlik etdiyi kollektiv hələ ki, yalnız "Qəbələ”yə məğlub olub. 

Tovuz klubunun kapitanı Şəhriyar Əliyev komandasının hazırkı durumu, qarşıdakı məqsədlərlə bağlı Qaynarinfo-ya müsahibə verib:

- 6 turdan sonra komanda 10 xalla 4-cü pillədə yer alıb. Geridə qalan turları necə qiymətləndirirsiniz? Hazırkı durumu nəzərə alsaq, nəticələri uğurlu hesab etmək olar?

- Hər oyuna çıxanda xallar qazanmağa çalışırıq. Çempionatın əvvəlidir, yeni yaranan komandadır. Səhvlər, oyunda çatışmazlıqlar olacaq. Real danışsaq, büdcəmiz böyük komandalarla müqayisədə zəifdir. Amma buna fikir vermirik. Düşünürdük ki, özümüzə uyğun rəqiblərlə oyunda maksimum xallar toplayaq. Çünki qarşıda bizi, "Sabah”, "Neftçi”, "Qarabağ”, "Zirə” ilə daha ağır oyunlar gözləyir. Səfərdə "Şamaxı”nı, "Səbail”i udduq, "Sumqayıt”la matçda xal qazandıq. Pis nəticə deyil, qarşıda uzun marafon var.

- Mövsümə belə başlanğıc nə dərəcə gözlənilən idi?

- İlk gündən məşqçilər bizi özümüzə inandırmağa çalışırdı. Oynamaq, mübarizə aparmaq lazımdır. Belədə nəticələr də yaxşı olur. 5 tur oynamışıq. Ehtiyatda "Qarabağ”la oyunumuz qalıb. Pis nəticə qazanmamışıq. 10 xal yığdığımız üçün başımızı çox yuxarı qaldırmamalı, arxayınlaşmamalıyıq. Rəqibin kimliyindən asılı olmayaraq, bütün oyunlara ciddi hazırlaşırıq. 

- Məşqçilər korpusu bu mövsüm qarşıya hansı hədəfləri qoyub? Komandanın durumu mövsümün sonunda hansı pilləni tutmağa ümid yaradır?

- İlk gündən qarşımıza məqsəd qoyulmayıb ki, komanda mütləq Avroliqaya getməlidir. Əsas məqsəd mübariz kollektiv yaratmaqdır. Ən azı rəqiblərə başağrısı olmağa çalışırıq. Futbolçu kimi hamımız istəyərik nəticələrimiz olsun. Şəxsən mən niyə qələbə qazanıb, Avroliqaya getməyi istəməyim? Bu, futbolçunun karyerası, imici üçün yaxşıdır. Qarşımıza məqsəd qoyulmayıbsa, o demək deyil ki, meydana çıxanda əl-qolumuzu sallamalıyıq. Dişədiş, başabaş mübarizə aparmağa çalışırıq. 

- Hələ ki, özünüzdən aşağıda olan komandalardan yalnız "Qəbələ”yə uduzmusunuz. Yəni qarşınıza "Neftçi”, "Qarabağ” kimi güclü rəqiblər çıxmayıb. "Turan Tovuz” belə favorit rəqiblərlə başabaş oynamağa nə dərəcədə hazırdır?

- Belə baxanda deməzdim ki, hansısa rəqib bizdən aşağıdır. Komandamız da yeni yaranıb. Nə "Sumqayıt”, nə "Səbail”... Bəlkə də onlar futbolçu keyfiyyəti cəhətdən bizdən üstündür. Oyuna çıxanda belə şeyə fikir vermirik. Məsələn, qarşıdakı tur "Sabah”la oynayacağıq. Onların büdcəsi bizimkindən çox ola bilər. Amma mübarizə aparacağıq. "Neftçi”yə, "Qarabağ”a "asan yem” olmaq istəmirik. Sözün yaxşı mənasında vuruşacağıq. Demirəm, sırf qələbə qazanacağıq, ancaq əlimizi-qolumuzu aşağı salmaq istəmirik. Uyğunlaşma cəhətdən çətinliyimiz olur. İlk oyunla bunun arasında çox fərq var. Bəlkə də ilk oyunda futbolçumuz qırmızı vərəqə gördü, 10 nəfərlə oynadıq deyə bunun da təsiri oldu. Düşünmürəm ki, həyəcan var. Gələn tur "Sabah”la oynayacağıq. Çempionluğa namizəd komandalardan biridir. Bəlkə də "Qarabağ”dan sonra ən yaxşı komandadır. 

- Kapitan kimi hansı futbolçuları fərqləndirə bilərsiniz? Legionerlər komandaya tam uyğunlaşıb?

- Legionerlərimiz gecikmişdilər, tam hazır deyildilər. Bu üzdən birinci turda oynamadılar. Digər turlarda bəzən oldu ki, hansısa oyunçumuz xəstələndi. Amma növbəti turlarda qələbə qazandıq. Deməzdim ki, bu legionerlərin, yaxud yerlilərin qələbəsidir. Nə qazanırıqsa, birlikdə qazanırıq. Məğlub oluruqsa, yenə eyni. Onu da deməzdim ki, hansısa futbolçu digərindən üstündür. Qələbələrdə balacadan böyüyə qədər hamının əziyyəti var. Fərdi şəkildə kimisə fərqləndirməzdim.

- Azərbaycan Premyer Liqası ilə bağlı fikirləriniz necədir, ötən mövsümlə müqayisədə hansı fərqlər var?

- Fərq komandaların sayının artmasıdır. Bölgələr Premyer Liqada təmsil olunur. İnşallah, "Kəpəz” də öz evində oynayar. Elə özümüzdən götürək, çox sayda azarkeş tribunalara gəlir, möhtəşəm atmosfer olur. Çalışacağıq azarkeşlərimizin sayını daha da artıraq. Regionlarda futbolun olması çox gözəldir. Bu da adama ləzzət edir.

- Bəs keyfiyyət baxımından yüksəliş hiss olunur?

- Əvvəllər hamı rahat deyərdi ki, "Qarabağ” çempion olacaq”. İndi görürsən ki, "Neftçi”nin də heyəti güclənib. "Sabah” çoxlu transferlər edib. "Səbail” keçən ildən fərqli, necə olduğunu görürsünüz. Düşünürəm ki, çempionatın səviyyəsi bu il daha yaxşıdır. 

Səbuhi Həsənov