Azərbaycan Premyer Liqasının 28-ci turuna bu gün start verilir. Turun ilk görüşü Tovuzda, yerli "Turan Tovuz”la "Sumqayıt” arasında baş tutacaq. İkinci "beşlik”də yer alan hər iki komanda xal ehtiyatlarını artırmağa çalışacaq.
Meydan sahiblərinin kapitanı Şəhriyar Əliyev oyuna hazırlıqla bağlı Qaynarinfo-ya açıqlama verib. Bir neçə gün öncə klubla müqavilə müddətini 1 illik uzadan müdafiəçi komandasının durumunu dəyərləndirib, seçiminin səbəbini izah edib:
"Hazırlıqlarımız normal davam edir. Qələbə qazanmaq istəyirik, bizə xal hava, su kimi lazımdır. Rəqib də elə bir vəziyyətdədir ki, qələbə üçün meydana çıxacaq. Çox ağır oyun olacağını bilirəm. Rəqibi də analiz etmişik.
- "Turan Tovuz”un son oyunlarda qeyri-sabit çıxış etməsinin səbəbi nədir?
- Buna eniş deməzdim. 3 tur ardıcıl qələbə qazandıq. Məğlub da ola bilərdik. Son turlarda heç-heçələrimiz olub. Hansı ki, qələbə də qazana bilərdik. Premyer Liqada yeni yığılan komandadır. Qeyri-stabil görünə bilər. Hər oyun qələbə qazana bilməsək də, məğlub olmamağa çalışırıq.
- Ardıcıl qələbələrdən sonra qeyri-sabitlik psixoloji cəhətdən komandaya təsir edib?
- Xeyr, yeni yığılan komandayıq. 6-cı yerdəyik. Niyə də xal itirmək bizə psixoloji təsir etsin? Heç bir təsiri yoxdur.
- Artıq son dövrə başlayıb, mövsümü hansı mövqedə bitirəcəyinizlə bağlı düşüncələriniz var?
- Çempionat başlayanda bəlkə də çox az adam düşünərdi ki, komanda mövsümün sonuna yaxın 6-cı yerdə olacaq. Müvəqqəti oturmamışıq burda. Çalışırıq ki, daha yuxarı pillələrə çıxaq. Amma sırf qarşımıza komandanın hansısa yeri tutması ilə bağlı məqsəd qoyulmayıb. Ən azı 6-cı pillədə qalmaq istəyirik. Futbolçu kimi hər kəs nəticəsinin yaxşı olmasını arzu edərdi. Qarşıda dördüncü dövrənin oyunları var. Öz səviyyəmizdə olan komandalarla qarşılaşmada 2-3 qələbə qazansaq, bəlkə yuxarı pillələrə qalxa bilərik. Kubokda da oynumuz var. İnşallah, nəsib olar qələbə qazanıb finala çıxarıq. Düşünürəm ki, motivasiya cəhətdən hər şey qaydasındadır. Rahat yem olmaq deyil, yaxşı xallar qazanmaq istəyirik. Burada dayanmaq da olmaz. 6-cı yerdəyiksə, bu, çempionatın bizim üçün bitməsi anlamına gəlmir.
- Bu yaxınlarda klubla yeni, 1 illik müqavilə imzaladın. Bu barədə əvvəldən düşünürdün, yoxsa təklifləri sərfəli oldu?
- Nə yalan deyim, başqa klublardan təklif var idi. Tovuzda futbolçu kimi beynim rahatdır. Çox komanda dəyişmək də bir şey deyil. Elə rəhbərlik olur ki, adam əziyyət çəkir. Şükür Allaha burda kollektivimiz, rəhbərlik, məşqçi heyəti yaxşıdır. Sadəcə futbolu fikirləşirsən. Başqa problemlər haqda düşünmürsən, fikrin ancaq futbolda olur. Rəhbərliklə danışdıq, təklifləri ürəyimcə oldu və müqavilə bağladıq.
- Bu müqavilənin əvvəlki ilə şərtlər və məvacib baxımından fərqi var?
- Əlbəttə, fərq olur. Çox komanda görmüşəm. Ən əsası da odur ki, kollektiv yaxşıdır. Məsələn, "qurdlu”, kinli uşaq, komandanı içindən "yeyən” yoxdur. Heyətdə kimdən soruşsanız eyni sözü deyəcək. Klubda qalmağımın əsas səbəblərindən biri budur.
- Şəhərdən gəlib bölgə klubunda oynayanlar əksər hallarda narazılıq edir və heyətdə uzun müddət qalmır…
- "Kəpəz”də də oynamışam. Onlar da Bakıda qalırdılar. Regionda futbolu bəlkə də Bakıdan daha çox sevirlər. Azarkeş amili var. Gəncə səfərinə gedəndə ləzzət edir. Oyunlar maraqlı keçir. Bəzi oyunlar iş vaxtına düşür deyə, stadionda azarkeş az ola bilər. Regionda oynamaqda problem yoxdur, bəlkə də şəhərdən uzaqda başım, beynim daha sakitdir. Balaca rayondur, sırf futbolu fikirləşirsən.
- Amma şəhərdəki qədər gəzməyə, boş vaxtları daha səmərəli keçirməyə çox imkan olmur…
- Gəncəyə yaxınıq, orada dostlarım var, sağ olsunlar çağırırlar, boş vaxtlarımızı birlikdə keçiririk. Cəmi 70 kilometr məsafədəyik. Ora da həmişə deyil, istirahət olan günlərdə gedirik. Heç də çox dəhşətli şəkildə darıxmırsan. Bəlkə kollektiv yaxşı olduğu üçün belədir. Qrafikimiz sıxdır. Həm çempionat, həm kubok oyunları var. Oyunlar arasında çox az vaxt olacaq. Düşünürəm ki, komandanın bazada bir yerdə olması daha yaxşıdır.
- Hazırda "Turan Tovuz”un qarşısında iki cəbhə dayanır - kubok və çempionat. Hansına daha çox köklənmisiniz?
- Çempionatda bizdən aşağıda olan rəqibimizdən 6 xal öndəyik. Qarşıda 9 tur var, iki oyun uduzsaq, gəlib çatacaqlar. Çempionatda bacardığımız qədər xal qazanmağa çalışacağıq. Kubokda rəqibimiz "Neftçi”dir. Həmin oyunda da əlimizi aşağı salmayacağıq.
- "Neftçi” ilə görüşlərdə nəyə ümid edirsiniz?
- "Neftçi” son oyunlarda yaxşı futbol oynayır. Deyərdim ki, formalarının pik nöqtəsindədir. Bizi çətin oyun gözləyir. Mübarizə aparacağıq, inşallah qələbə qazanarıq.
Səbuhi Həsənov
Şərhlər