İdman 11:34 08.07.2022

“Turan Tovuz”un Premyer Liqaya qayıdışına həsr olunmuş görüş keçirildi

Tovuz rayon İcra Hakimiyyətinin, "Turan Tovuz” futbol klubunun və Futbolun İnkişaf Fondunun birgə təşkilatçılığı ilə Nizami adına Mədəniyyət evində "Turan Tovuz” futbol klubunun Premyer Liqaya qayıdışı və FİF-in fəaliyyətinə həsr olunmuş tədbir keçirilib.

Tovuz rayon İcra Hakimiyyətinin mətbuat xidmətindən Qaynarinfo-ya verilən məlumata görə, tədbirdə İcra Başçısı Məmməd Məmmədov, Futbolun İnkişaf Fondunun və "Turan Tovuz” futbol klubunun rəsmiləri, hüquq mühafizə orqanlarının rəhbərləri, rayon və futbol ictimaiyyətinin nümayəndələri və futbol həvəskarları iştirak ediblər.

Məmməd Məmmədov çıxış edərək tədbir iştirakçılarını salamlamış, "Turan Tovuz” komandasının və Tovuz futbol ənənələrinin köklü tarixindən bəhs etmişdir. İcra başçısı son dövrlərdə "Turan Tovuz”un öz köhnə şöhrətini bərpa etməyə başlamasının və komandanın Premyer Liqaya yüksəlməsinin sevindirici hal olduğunu vurğulamış, Futbolun İnkişafı Fondunun dəstəyi ilə rayon və ölkə futbolunun daha da inkişaf edəcəyini qeyd etmişdir. Azərbaycan Respublikasının Prezidenti cənab İlham Əliyevin və Azərbaycan Futbol Federasiyası Asossasiyasının  dəstəkləri ilə Tovuzda yaradılmış Futbol Akademiyasının futbolun inkişafında xüsusi əhəmiyyətə malik olduğu qeyd olunmuşdur.

Tədbirin gedişində FİF-in Himayəçilər Şurasının sədri Vəli Qasımov və Fondun icraçı direktoru Tural Piriyev çıxış etmiş, Fondun fəaliyyət istiqamətləri barədə iştirakçıları məlumatlandırmışlar. Futbolun İnkişafı Fondunun yaradılmasının əsas məqsədləri region klublarına maliyyə mənbəyi yaratmaq və klubların davamlı inkişafını təmin etmək, bununla da regionlarda futbolun inkişafına töhfə vermək olduğu vurğulanmışdır. Eyni zamanda "Turan Tovuz” komandasının maliyyə və digər istiqamətlərdə inkişafının təmin olunması üçün hazırlanmış layihələr təqdim olunmuşdur.

"Turan Tovuz” futbol klubunun icraçı direktoru Nadir Nəbiyev komandanın və Futbol Akademiyasının hazırkı vəziyyəti və gələcək perspektivləri haqda tədbir iştirakçılarını məlumatlandırmışdır.

Sonda rayon futbol ictimaiyyətinin nümayəndələri və futbol həvəskarları çıxış edərək Tovuzda futbolun inkişafı üçün yüksək səviyyədə şərait yaradıldığını, bu sayədə əvvəllər olduğu kimi yenə də, "Turan Tovuz”un rayonumuzu və ölkəmizi hər yerdə layiqincə təmsil edəcəyini bildirmişlər.
 

 
Səbuhi Həsənov