Türkiyə avtomobil sənayesi istehsalında önəmli addımlar atmağa başlayır. Belə ki, bu günlərdə təqdimatı keçirilən TOGG elektromobilinin ilk istehsalı baş tutub.
Qeyd edək ki, bu avtomobilin ilk sifarişçilərindən biri də Azərbaycan Prezidenti İlham Əliyev olub. Bu istehsalı ilk növbədə Türkiyə sənayesinin yeni uğuru kimi dəyərləndirmək olar.
TOGG-un (Türkiyə Avtomobil Müəssisələri Qrupu) dizaynları 27 Avropa İttfaqı (Aİ) ölkəsi, habelə, Çin və Yaponiyada təsdiqlənib. Türkiyənin sənaye və texnologiya naziri Mustafa Varankın verdiyi məlumata görə, vətəndaşlar tərəfindən elektromobilin bəyənilmə nisbəti 95 faizdir. Bildirilir ki, C sinifli SUV tipli elektromobil eyni sinifdəki daxiliyanma mühərrikli avtomobillərlə rəqabət aparacaq. Gələcəkdə bu avtomobilin Türkiyədən kənarda satışı da planlaşdırılır.
Avtomobilin xüsusiyyətlərinə gəlincə, iki modifikasiyada - 200 və 400 at gücü olan elektrik mühərriki ilə buraxılır. 0-dan 100 km/saat sürətini 4,8 saniyəyə yığa bilir. Elektromobilin maksimal gediş məsafəsi 500 km-ə yaxındır. TOGG avtomobilləri elektriklə çalışır. Avtomobillərin hazırlanması zamanı onların ətraf mühit üçün tam zərərsiz olmasına da önəm verilib. Yeni avtomobil elektrik güc qurğusuna, 1080 mm enə və 2800 mm təkər bazasına malik olan orta ölçülü krossoverdir.
TOGG şirkəti 2030-cu ilə qədər beş model təklif etməyi planlaşdırır. C seqmentindən olan krossoverin ardınca, istehsalçı B seqmentindən olan yığcam krossoveri, həmçinin C seqmentindən olan sedan, hetçbek və miniveni hazırlamaq niyyətindədir. Avtomobilin interyeri tamamilə rəqəmsallaşdırılıb. Burada virtual cihazlar paneli ilə yanaşı multimedia sisteminin sensorlu displeyini görmək olar.
İqtisadçı ekspert Natiq Cəfərli Qaynarinfo-ya açıqlamasında bildirib ki, Türkiyədə TOGG şirkətinin timsalında avtomobil sənayesinin inkişafı yan sahələrin də sürətli inkişafına təkan verəcək:
"Qardaş ölkənin yeni, müasir texnologiyanı özündə ehtiva edən avtomobil istehsalına başlaması pozitiv addımdır. Çünki elektriklə işləyən avtomobil istehsalı bir tək bu sahəni inkişaf etdirmir. Bu addım həmçinin proqram təminatı sahəsi, əlavə detalların istehsalı, yan sahələrin yaradılmasına da səbəb olur. Nəticə etibarı ilə bir avtomobilin istehsalı onlarla yan sahələrin yaranmasına gətirib çıxarır.
Türkiyədə yan sənayenin yaradılması üçün kifayət qədər böyük potensial var. Elektrik avtomobilinin istehsalı üçün yerli yan sənayesi artıq prosesdə 30 faizlik paya sahibdir. Gələcəkdə bu pay 50, 10 ildən sonra isə 75 faizə qaldırılacaq. Bu isə əlavə iş yerləri, əlavə dəyərin yaradılması deməkdir”.
Rüfət Sultan