
2 gündür ki, Türkiyədə həyata keçirilən iriçaplı həbs əməliyyatlarında adları hallanan azərbaycanlı iş adamları gündəmdədir.
Belə ki, həbs əməliyyatları ilə bağlı iddianamələrdə adları məxfi saxlanılan bəzi azərbaycanlıların olduğu da iddia edilir. Amma artıq 3 iş adamı barədə kifayət qədər məlumat yayılıb.
Qaynar.info xəbər verir ki, həbs olunanlardan biri Sədərək Gömrük Məntəqəsinin rəisi Mirməhəmməd Seyidovdur. Bundan başqa, həbs olunanlardan biri tanınmış türk iş adamı Rza Zərrabdır. Rza Zərrabla bağlı aparılan araşdırmalar zamanı isə onun ittiham edildiyi cinayətdə digər 3 azərbaycanlı iş adamının adı keçir. A. Nizami, H. Surxay və B. Vidadi kimi qeyd olunan iş adamlarının nə işlə məşğul olduğu və soyadlarının necə olduğu istintaq materialı olaraq gizli saxlanılırdı.Vidadi. B. adlı şəxsin adı ilə bağlı olan "Dəniz Qiymətli Mədənlər" və "Cihan Qiymətləri Mədənlər" şirkətiləri haqqında ortaya çıxan məlumatlarda bildirilir ki, Vidadi B. adı ilə tanınan şəxsin soyadı Bədəlovdur.
Məlumata görə, Vidadi Bədəlov hər iki şirkətdə 50 faiz paya sahibdir. "Dəniz Qiymətli Mədənlər" şirkətinin sərmayə dəyəri rəsmi olaraq 300.000.00 TL-dir. Bu məbləğin tən yarısı - 150.000.00 TL-i azərbaycanlı iş adamı Vidadi Bədəlova məxsusdur. Vidadi Bədəlovun adına olan ikinci şirkət isə "Cihan Qiymətləri Mədənlər" şirkətidir və bu şirkətin sərmayə dəyəri rəsmi olaraq 1 milyon TL-dir (yarım milyon manat) . İlk şirkətdə olduğu kimi ikinci şirkətdə də, Vidadi Bədəlov sərmayənin 50 faizinə sahibdir. Onun bu iki şirkətlərdəki ortağı isə türkiyəli iş adamı Adəm Gelgeç adlı şəxsdir.Bundan başqa, şirkətlər 2009-2012-ci illərdə İrandan 87 milyard avro məbləğində vəsaitin Rusiyaya, oradan isə Türkiyəyə transferində vasitəçi olub.
Azərbaycan rəsmiləri məlumat vermir
Məsələ ilə bağlı Azərbaycan Respublikası Daxili İşlər Nazirliyi ilə əlaqə saxladıq. DİN-in mətbuat xidmətinin rəhbəri Ehsan Zahidov Qaynar.info-ya açıqlamasında bildirdi ki, həmin şəxs haqqında DİN-in mətbuat xidmətində heç bir məlumat yoxdur.
Türkiyə mediasının yaydığı məlumata görə, hər 3 azərbaycanlı iş adamı beynəlxalq axtarışa verilib. Interpol-un Milli Mərkəzi Bürosu-dan isə Qaynar.info-ya bildirdilər ki, onlar bu barədə heç bir məlumat verə bilməzlər. İnterpolun rəsmi saytında isə axtarışa verilən şəxslər haqqında hələlik heç bir məlumat yoxdur.
Qeyd edək ki, son məlumatlara görə, Türkiyədə həbs olunan Sədərək Gömrük Məntəqəsinin rəisi Mirməhəmməd Seyidova 3 ay istintaq həbsi verilib.