
"Xəzər Lənkəran" klubun vitse-prezidenti Tuyqun Nadirovun sabah keçiriləcək AFFA İcraiyyə Komitəsinin üzvlüyünə namizədliyini geri götürüb.
Qaynar.info xəbər verir ki, klub bu addımını yaydığı məlumatda belə əsaslandırıb:
"Səsvermədə iştirak edən subyektlərin mütləq çoxluğunun faktiki olaraq ölkənin futbol həyatında əsas rol oynamadığını və bunun nəticəsində səsvermənin öz məqsədlərinə tam cavab vermədiyini nəzərə alaraq “Xəzər Lənkəran” Futbol Klubu Tuyqun Nadirovun AFFA İcraiyyə Komitəsinə namizədliyini geri götürür.
Qeyd edək ki, mövcüd qaydalara əsasən ümumi 34 səsdən 24 səs hüququ Regional və Sahə Futbol Federasiyaları, həmçinin İctimai Futbol Təşkilatlarına məxsusdur. Bu isə öz növbəsində seçkilərə müstəqil surətdə namizədlik verən şəxsin komitəyə seçilməsini əngəlləyir və sağlam rəqabət prinsiplərinə uyğunsuzluq yaradır".
Qeyd edək ki, İcraiyyə Komitəsində artıq kimlərin yer alacağı müəyyənləşib. Belə ki, yeni üzvlər "Qarabağ"dan bu klubun baş məşqçisi Qurban Qurbanov (PFL-in ayırdığı yer üzrə) və Ümumazərbaycan Futbolsevərlərin İctimai Birliyi tərəfdən isə Xarici İşlər naziri Elmar Məmmədyarov olacaq. Onlar müvafiq olaraq Hafiz Məmmədovu ("Bakı" klubu) və Cahangir Hacıyevi (Bakı Futbol Federasiyası) əvəzləyəcəklər.
Qaynar.info