Ekonomiks 13:11 04.11.2022

Üç klubumuzda oynamış əcnəbi futbolçunun Azərbaycandan çıxışına qadağa qoyuldu

Premyer Liqamızda üç klubun formasını geyinmiş Yevgeni Koçukun Azərbaycandan çıxışına qadağa qoyulub. 

Qaynarinfo-nun əldə etdiyi məlumata görə, yarımmüdafiəçi vergidən yayınmaqda ittiham olunur. Futbolçunun vergi orqanlarına 7729 manat borcu olduğu üzə çıxıb. Borcunu ödəmədiyi üçün İqtisadiyyat Nazirliyi Yanında Dövlət Vergi Xidməti Bakı Şəhər Lokal Gəlirlər Baş idarəsi tərəfindən məhkəməyə verilib. Hazırda onun işi Bakı Kommersiya Məhkəməsində icraata götürülüb. Yarımmüdafiəçinin işinə baxılması hakim Zeynəb Axundovaya tapşırılıb.

Koçuk "Səbail"ə 2018-ci ilin yanvarında Slovakiya klubu "Jilina"dan gəlib. Həmin ilin yay fasiləsində sabiq klubuna qayıdan Yevgeni, qısa müddət sonra yenidən "Səbail"lə müqavilə imzalayıb. 2020-ci ildə "Sabah"a transfer olunan futbolçu 2021-ci ildə "Keşlə"yə (indiki "Şamaxı") keçib. O, 2022-ci ilin yanvarından düşmən ölkə olan Ermənistan təmsilçisi "Pünik"in formasını geyinir.

Səbuhi Həsənov