
Uels millisinin sabiq hücumçusu Din Sonders Avro-2016-da BBC telekanalı üçün şərhçilik edir. O, turnir başlamadan öncə Uels millisinin debüt etdiyi yarışda çox da irəli gedə bilməyəcəyini düşünüb və Birminqem Hava Limanında maşınını qısa müddət üçün park edib.
Qaynarinfo.az xəbər verir ki, Uels millisinin heç kimin gözləmədiyi halda yarımfinaladək irəliləməsi onu sevindirsə də, hər saat üçün avtomobilin parkinqdə qalması pul yazmasına səbəb olub.
52 yaşlı Sondersin özü Fransadan qayıtdığında 1000 funt sterlinqlik (təxminən 1200 avro) qəbzlə üzləşəcəyini söyləyir. Lakin Birminqem Hava Limanı ona jest edib. Belə ki, hava limanı "Tvitter"də Uels çempion olacağı halda onun park cəzasının silinəcəyini bildirib.

Sondersin "Yanımda gətirdiyim təmiz paltarlar da qurtarır" sözlərinə hava limanıdan belə reaksiya gəlib: "Dinə paltar məsələsində kömək edə bilmərik. Amma Uels çempion olarsa, park cəzası yoxdur!"
Qeyd edək ki, Din Sonders futbolçu karyerası müddətində məşhur klublardan "Liverpul", "Qalatasaray" və "Benfika"da çıxış edib.
Qaynarinfo.az