
Mayın 12-dən Ukraynanın Lvov şəhərində kunq-fu üzrə Avropa çempionatı keçirilir.
Qaynarinfo.az xəbər verir ki, 140 idmançının çıxış etdiyi yarışda Azərbaycan və Ermənistandan da atletlər var.
Turnirin 60 kq çəki dərəcəsinin hər 2 yarımfinal görüşündə azərbaycanlı və erməni idmançılar üz-üzə gəlib. Birinci döyüşdə hakim qələbəni Aşot Arutyunyana versə də, sonradan qərar dəyişdirilib. Belə ki, bu qərarla Azərbaycan tərəfi razılaşmayıb və protest veriblər. Hakimlər videotəkrara baxdıqdan sonra Orxan Mehdiyevin 12:9 hesabı ilə qələbə qazandığını elan edib. Həmin anın videolarını təqdim edirik.
2-ci yarımfinal görüşündə isə 12 yaşlı, Dağlıq Qarabağ ermənisi olan David Petrosyanla adı açıqlanmayan digər azərbaycanlı idmançı üz-üzə gəlib. Onu da bildirək ki, erməni idmançının qardaşı Marat aprel döyüşlərində iştirak edib. Bu üzdən David döyüşə xüsusi ab-havada çıxıb və döyüş vaxtı hesabda geridə olan erməni idmançı azərbaycanlı sekundomerə söz atıb. Nəticədə ara qarışıb. Həmin videonu da təqdim edirik.
Erməni mətbuatının yazdığına görə, davaya görə Azərbaycan yığması turnirdən diskvalifikasiya edilib. Ermənistan Kunq-Fu Federasiyasının prezidenti Sarqis Arutyunyan isə bildirib ki, ermənilər əvvəlcədən bu davaya hazırlaşıblar və ora dəyənəklə gəliblər. Amma 35-ci saniyədən etibarən diqqətlə baxdıqda həmin dəyənəyi rinqə bizim idmançını vurmaq üçün bir erməninin gətirdiyi, sonra bunu bizim atletin onun əlindən aldığını görmək mümkündür.
Yeri gəlmişkən, bu məsələ ilə bağlı Azərbaycan Kunq-fu Federasiyasından sabiq idmançı Elçin Eminovla əlaqə saxladıq. O əvvəlcə bu idman növünün kunq-fuya yox, uşu-sandaya aid olduğunu bildirib məsuliyyəti boynundan atmağa çalışdı, daha sonra isə zəng etdiyimizdə telefonunu bağladı.
Qaynarinfo.az