Azərbaycan Premyer Liqasının XXXIV turunda “Qarabağ” “Əlincə Arena”da “Qəbələ”ni 2:0 hesabıyla məğlub edib. Qaynarinfo.az xәbәr verir ki, oyunsonrası mətbuat konfransında "Qəbələ”nin baş məşqçisi Roman Qriqorçuk fikirlərini bildirib:
"Rəqibi qələbə münasibətiylə təbrik edirəm. Onlar doğrudan da güclü komandadırlar. Onların güclü olması turnir cədvəlində də öz əksini tapır”.
- "Qarabağ” artıq işini bitirib. Bu günkü oyunda sizdən yaxşı oyun gözləsək də, bunun şahidi olmadıq. Səbəb nədir?
- Hücumdan müdafiəyə qoşularkən səhvlərə yol verdik. Hesabda geri olduğumuz zaman təzyiqi artırmalıydıq. Amma bunu bacarmadıq. Bu dəqiqə "Qarabağ"ı yenə biləcək komanda yoxdur.
- Bu gün azarkeşlər sizi istefaya səslədi. Özünüzü necə hiss edirsiniz?
- Mən özümə inanmağa davam edirəm. Bu, azarkeşlərimizin seçimidir. Bu onların komandaya olan sevgisini göstərir. Azarkeşləri bu hərəkətlərinə görə "satqın" adlandırardım.
- Cavid Hüseynovun yoxluğunda komandanızı arxasınca aparan lider futbolçu yoxdur...
- Cavidi çox istəyirəm. Onun yoxluğu hiss olunur. Komandamızda çox lider futbolçu olmalıdır.
- Azarkeşlərinizi "satqın" adlandırdınız. Düşünürsünüz ki, azarkeşləriniz sizi kiməsə satıb?
- Deməzdim ki, satqınlıq... Amma məndə belə bir hiss yaradırlar. Bizi Avropa Liqasında dəstəkləyən azarkeşlərin bu gün belə bir münasibət göstərməsini qəbul edə bilmirəm. Gələcəkdə vəziyyətimiz düzəlsə, mən o insanlarla ünsiyyət qurmayacağam.
- "Qəbələ” azarkeşlərini "satqın" adlandırdınız. Qəbələyə qayıtmaqdan qorxmursunuz?
- Satqınlıq deməzdim, belə bir hiss yaşadığımı deyərdim. Mən heç kimi təhqir etmirəm. Ona görə də Qəbələyə qayıtmaqdan qorxmuram və sözümün arxasındayam.
Qaynarinfo.az